Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTOLAR
XX əsrin böyük faciəsi sayılan Xocalı soyqırımının törədilməsindən 30 il ötür. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022-ci il tarixli Sərəncamı ilə bu qanlı terror aktının 30 illiyi dünya miqyasında yad edilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün soyqırımın 30 illiyi muxtar respublikanın bütün rayonlarında yad edilib, ictimaiyyət nümayəndələri Xocalı soyqırımı hadisələrini əks etdirən guşələrin önünə tər qərənfillər düzüblər.
Dinc sakinlərin yaşadığı Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən məhv edilərək yerlə-yeksan edilib. Bu hərbi cinayət zamanı erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə əliyalın xocalıları amansızcasına qətlə yetirib, insanlara ağlasığmaz işgəncələr verib, uşaq, qoca, qadın demədən hamısını vəhşicəsinə öldürüblər. Həmin qanlı terror aktından bu gün 30 il ötür.
Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri özlərini əsl qəhrəman kimi aparıb, son nəfəslərinədək düşmən qarşısında əyilməyiblər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Təəssüflər olsun ki, Xocalı soyqırımından sonra həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərib, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışıblar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verib, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş verən hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırıb. Qəbul edilən qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.
Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığımız tarixi Qələbənin qürurunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi, Xocalının qisasını aldı. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi.
XX əsrin böyük faciəsi sayılan Xocalı soyqırımının törədilməsindən 30 il ötür. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022-ci il tarixli Sərəncamı ilə bu qanlı terror aktının 30 illiyi dünya miqyasında yad edilir. Soyqırım qurbanlarının xatirəsi muxtar respublikanın rayonlarında yad edilib, ictimaiyyət nümayəndələri Xocalı soyqırımı hadisələrini əks etdirən guşələrin önünə tər qərənfillər düzüblər.