DÜNƏNİN İDEYASI, BU GÜNÜN GERÇƏKLİYİ, SABAHIN TƏMİNATI

A- A A+

Martın 11-də Azərbaycanla İran arasında imzalanmış memorandumun əsas məqsədi İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında dəmiryolu, avtomobil nəqliyyatı, habelə rabitə və elektrik təchizatı xətlərinin əlaqələndirilməsi üçün yeni marşrut xəttinin yaradılması, heç şübhəsiz, regionun geosiyasətində ciddi dəyişikliklərə səbəb olacaq mühüm addımdır. Azərbaycan dövləti bir daha nümayiş etdirdi ki, alternativ təşəbbüslərlə vəziyyəti keyfiyyətcə dəyişmək qabiliyyətinə malikdir. Bu, eyni zamanda Azərbaycanın getdikcə artan siyasi çəkisi və dövlət idarəetməsinin (diplomatiyasının, ümumiyyətlə, qərar qəbulu sisteminin) keyfiyyətinin göstəricisidir. 

Münasibətlərin böhran nöqtəsindən hazırkı vəziyyətə çatdırılması, şübhəsiz ki, Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının uğuru hesab edilməlidir. Bu nəticə Azərbaycan dövlətinin Şərq-Qərb əlaqələri sistemində yerini möhkəmləndirir. Bu, indiki məqamda Rusiya-Ukrayna müharibəsinin və Qərb-Rusiya qarşıdurmasının güclənməsi fonunda yeni imkanlar deməkdir. Azərbaycan tərəfi həm də göstərdi ki, İran elitasının əməkdaşlığa meyilli hissəsi ilə qarşılıqlı maraq doğuran məsələlərdə dil tapmaq, ortaq məxrəcə gəlmək olar. Beləliklə, tərəflərin hər ikisinin milli mənafelərinə uyğun nəticə əldə olundu.  Başqa bir məqam ondan ibarətdir ki, İrandan keçəcək nəqliyyat dəhlizi ilə bağlı atılan bu addım Ermənistan üçün ciddi siqnaldır. Bu, erməni tərəfinə Zəngəzur dəhlizinin açılması prosesini uzatmasının qaranlıq perspektivləri və siyasi-iqtisadi itkiləri barədə əyani mesaj hesab edilə bilər. 

Azərbaycan hər zaman olduğu kimi alternativləri göstərdi. Çox güman ki, yaxın zamanda erməni tərəfi siyasi iradə nümayiş etdirərək 2020-ci ilin payızındakı müharibədən sonra üzərinə götürdüyü öhdəliklərin icrasına başlayacaq. Əks halda bu proses Ermənistan üçün təkcə siyasi və təhlükəsizlik sahəsində deyil, həm də iqtisadi sferada ciddi itkilər, ya da itirilmiş qazanclar deməkdir. 

Qayıdaq memoranduma. Azərbaycanla İran arasındakı son memorandum mənə keçmişi, 30 il əvvəlki hadisələri xatırlatdı. Çünki indiki danışıqlar, nəticələr bəzən tam olaraq həmin dövrü təkrarlayır. 1992-ci ilin avqust ayının son günlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev başda olmaqla muxtar respublikanın nümayəndə heyəti İran rəhbərliyinin dəvəti ilə Tehranda rəsmi səfərdə olub, orda çoxsaylı rəsmi görüşlər keçirib, danışıqlar aparmışdı. Məqsəd Naxçıvanın blokada ilə bağlı qarşılaşdığı problemləri həll etmək, onu erməni işğalından qorumaq idi. Azərbaycanın kritik günlərində bu olduqca vacib idi. Səfərin nəticəsində 24 avqust 1992-ci ildə Ali Məclisin Sədri Heydər Əliyev və İran İslam Respublikasının o zamankı xarici işlər naziri Əli Əkbər Vilayəti tərəfindən “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında” Protokol imzalandı. Bir çox sahələri və məsələləri əhatə edən həmin protokolda İran ərazisindən keçməklə Naxçıvana dəhliz məsələsi də yer almışdı. İmzalanmış protokola görə, İran İslam Respublikası Naxçıvan tərəfinin təklifini nəzərə alaraq yükdaşıma sahəsində yaranmış çətinliyi aradan qaldırmaqdan ötrü yüklərin Naxçıvandan Bakıya İran ərazisindən keçməklə Culfa-Xudafərin yolu vasitəsiylə daşınmasına razılıq vermişdi. Yoldan istifadə etmək üçün hər iki tərəf lazımi tədbirlər görəcəyini öhdəsinə götürmüşdü. Naxçıvan Muxtar Respublikasına kömək göstərmək məqsədilə İran İslam Respublikasının ərazisindən Ordubad-Mincivan dəmir yol xəttinin çəkilməsi barədə muxtar respublika rəhbərliyinin xahişinə cavab olaraq İran tərəfi bildirmişdi ki, hazırda göstərilən xəttin çəkilməsinin texniki cəhətdən öyrənilməsinə başlanmışdır və bu sahədə iş davam etdirilir. Qısa müddətdə bu işin başa çatdırılması üçün tədbirlər həyata keçirilməlidir. Həmin dövrün gerçəklikləri, 1993-cü ildə Arazboyu rayonların Ermənistan tərəfindən işğal edilməsi, digər tərəfdən isə İraqla on illik qanlı müharibədən yenicə çıxmış, çoxlu iqtisadi problemlərlə üz-üzə qalan İran tərəfinin imkanlarının məhdud olması bu layihələrin və təşəbbüslərin reallaşdırılmasına mane oldu. 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və Ermənistanın məğlub olmasından sonra bu layihələr yenidən gündəmə gəldi. 30 il əvvəl Naxçıvanda Ali Məclisin Sədri olduğu dövrdə Ümummilli lider Heydər Əliyevin başlatdığı işləri, irəli sürdüyü ideyaları, təşəbbüsləri bu gün Prezident İlham Əliyev həyata keçirir. Bütün bu məqamlar Azərbaycan dövlətinin vahid orqanizm kimi daim inkişaf etdiyini, bununla paralel olaraq vaxtilə müəyyənləşdirilmiş strateji inkişaf yolunun təməl prinsiplərinin dəyişmədiyini, dövlət başçısı İlham Əliyevin Azərbaycan dövlətçiliyinin keçmiş və gələcək inkişafı arasında varisliyi uğurla təmin etdiyini, atılan addımların zamanlama baxımından mükəmməl hesablandığını göstərir. Dövlət başçısı çıxışlarından birində məhz bu məqama toxunaraq demişdir: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

 

Anar İbrahimov

politoloq

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: