Azərbaycan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında təmsil olunur - FOTOLAR

A- A A+

Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyası işə başlayıb.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Kəngərli rayonu Qıvraq bələdiyyəsinin üzvü Rauf Əliyev, Nərimanov bələdiyyəsinin üzvü Samirə Əliyeva Konqresin iclasında iştirak edirlər.

Tədbir çərçivəsində əvvəlcə konqresin Regionlar və Yerli hakimiyyətlər palatalarının Büro iclasları, siyasi qrupların və nümayəndə heyətlərinin katiblərinin görüşü keçirilib.

Sessiyanın ilk iclaslarında nümayəndə heyətinin rəhbəri Anar İbrahimov Avropada tolerantlıq, qarşılıqlı anlaşma prinsipləri və ideyalarına qarşı bəzi ölkələrdə cərəyan edən populist və millətçi hərəkatın yolverilməz olduğunu Avropa Şurasının baş katibi xanım Mariya Peyçinoviç-Buriçin diqqətinə çatdırıb.

“Uşaqları öz şəhərində davamlı inkişafa cəlb etmək” mövzusunda müzakirələrdə isə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edib.

Sessiyanın gündəliyindəki palata və plenar iclasların gündəliyinə Gürcüstanda, Danimarkada, Mərakeşdə, Ermənistanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının Türkiyə, Böyük Britaniya və Lüksemburqda monitorinqi, kəndlərdə gənclərin yerli və regional hakimiyyətlərdə rolu və digər mövzularda müzakirələrin keçirilməsi məsələləri daxil edilib.

Sessiyanın gedişində nümayəndə heyətinin digər üzvlərinin də çıxışları nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: