İspaniya mətbuatı Ermənistan-Azərbaycan münaqişəsindən yazır - FOTOLAR
İspaniyanın nüfuzlu “La Vanguardia” və “El Confidencial” qəzetlərinin elektron versiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yayılıb. EFE agentliyinə istinadən yayılan məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşündə səsləndirdiyi fikirlərə yer verilib. Dövlət başçısının Ermənistan rəhbərliyinin danışıqları pozmaq istədiyi fikri vurğulanıb. Prezident qeyd edib ki, “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Paşinyan danışıqlar prosesini pozmağa çalışır.
NUHÇIXAN-ın məlumatına görə, məqalədə bildirilir ki, ATƏT-in baş katibi Tomas Qreminger səfər zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə də görüşüb. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in səylərinin artırılmasının vacibliyini bildirib.
Jurnalistlərin suallarını cavablandıran T.Qreminger münaqişənin həlli ilə ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupunun məşğul olduğunu bildirib. O əlavə edib ki, bütün siyasi qüvvələr tərəfindən münaqişənin həlli üçün səylərin göstərilməsi vacibdir və bu məsələdə Minsk qrupunun bütün mümkün vasitələrdən istifadə edəcəyinə əmindir.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Ermənistan zor tətbiq etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, “bufer zona” adı altında digər rayonlarını da işğal edib.