Nikol Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır
Beynəlxalq münasibətlər sisteminin tənəzzülə uğradığı bir məqamda geosiyasi ziddiyyətlərin kəskinləşməsi dövlətlərin konstruktiv əlaqə şanslarını getdikcə azaldır. Qlobal miqyasda geosiyasi durum son dərəcə həssas bir mərhələyə qədəm qoysa da, böyük dövlətlər, dünya nizamına təsir gücünə malik siyasi mərkəzlər böhrandan çıxış yolu axtarmaq əvəzinə, onu daha da dərinləşdirirlər. Üçüncü minilliyin əvvəlindən başlayan proseslər onu göstərir ki, hələlik ABŞ-ın razılığı olmadan beynəlxalq münasibətlər sistemində real dəyişikliklər etmək, qlobal təhlükəsizliyə yeni təhdidlərin qarşısını almaq imkansızdır. Müasir dünyada strateji balansın və sabitliyin təminatı mühüm vəzifə kimi ön plana çıxsa da, geosiyasi qərarların qəbulu mexanizmi təkmil deyil, böyük dövlətlər isə problemlərin açıq və ədalətli müzakirəsindən yayınırlar. Planetin gələcəyini, bəşəriyyətin taleyini təhdid edən yeni təhlükələr, risklər, şiddətlənən terror və separatizm dalğası dünyanı daha dərin qatlarda parçalamaqdadır. Qlobal miqyasda baş verən hadisələrin təhlili aydın göstərir ki, böyük dövlətləri yalnız öz maraqlarının təmini düşündürür, onların radikal addımlarının əsas səbəbi də budur. İkili standartlar, xristian həmrəyliyi beynəlxalq hüquq sistemini getdikcə arxa plana daha çox sıxışdırır. Milli-radikal mövqenin güclənməsi Qərbdə qarşısıalınmaz prosesə çevrilməkdədir. Ölkələrin idarəetmə, intellektual, strateji və maliyyə imkanlarını nəzarətdə saxlamaq üçün yeni-yeni təsisatlar, mexanizmlər formalaşdırılır. Təbii ki, dünyada baş verən proseslərin fonunda Cənubi Qafqazda da risklər çoxalır. Vaxtilə SSRİ-ni dağıtmaq məqsədilə milli münaqişələri, o cümlədən ilk növbədə Dağlıq Qarabağda alovlanan müharibə ocağını körükləyən Qərb bu gün də məkrli planlarını genişləndirir. ABŞ və Rusiya arasında Cənubi Qafqaz uğrunda savaş kəskinləşməkdədir. Gec və ya tez Ermənistanın sahibinin kim olduğu aydınlaşacaq. Çünki Ermənistanın yalan və yaltaqlıq üzərində qurulan siyasəti artıq iflasa uğrayıb, “erməni baharı”nın sonu çatıb. Ermənistanda baş verən iğtişaşlara, küçə yürüşlərinə “mədəni inqilab” donu geyindirməyə çalışan Qərb dairələri erməni diasporunun uydurmalarına aldanıb Ermənistanı Rusiyanın ağuşundan qoparacaqlarına inanırdılar. Görünür, Qərb geosiyasi, ideoloji-siyasi aspektdə bunun o qədər də asan olmadığının fərqinə varmamışdı. Az sonra hamıya bəlli oldu ki, “azad ölkə” kimi ictimai şüura sırınan bu məmləkətdə demokratiya və insan hüquqlarından əsər-əlamət yoxdur. Serj Sarkisyanın hərbi xunta rejimini əvəzləyən Nikol Paşinyan iqtidarı sürətlə uçuruma yuvarlanmaqdadır. Qərbin və Paşinyanın Ermənistanın yönünü dəyişmək niyyətləri ölkəni qarşıdurma vəziyyətinə salıb. İlk vaxtlar Paşinyanın müstəqil siyasət yeritməyə qabil olub-olmaması barədə fikirlər gündəmə hakim kəsilsə də, çox qısa zamanda bəlli oldu ki, Rusiyanın qoyduğu çərçivədən çıxmaq Ermənistana baha başa gələ bilər. Soçidə Avrasiya İqtisadi İttifaqının toplantısında “rusiyapərəst” yox, “ermənipərəst” siyasətçi olduğunu dilə gətirən Nikol Paşinyan özü də artıq siyasətçi olmadığını anlamağa başlayıb. Onun “Rusiya ilə yeni strateji əməkdaşlıq modeli” barədə fikirləri də xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Ermənistan cəmiyyətində obyektivliyini az-çox qoruyub saxlayan politoloqlar da bunun bir feyk olduğunu etiraf edirlər. Moskva ilə bütün sahələrdə əməkdaşlığın inkişafına çalışacağını bəyan edərək, böyük ümidlərlə bu günlərdə Rusiyaya səfər edən Nikol, heç şübhəsiz ki, uğursuzluğa düçar olacağını əvvəlcədən görürdü. Ancaq baş nazir özünün siyasi, ideoloji və diplomatik hazırlıqsızlığını pərdələmək üçün daxildə ictimai rəylə spekulyasiya etməkdən belə çəkinmədi. Paşinyanın boynunu bükərək Moskvada qapıları döyməyə, “sədaqət” andı içməyə vadar edən səbəblər çoxdur. O, yaxşı bilir ki, Ermənistanın siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Bu forpostu Avropa İttifaqı ilə yarımçıq saziş imzalamağa sövq edən də Rusiyadır. Ermənistanın Moskvadan umacağı çoxdur, lakin Rusiyanın bu qondarma, cırtdan dövlətin istəklərini yerinə yetirmək imkanları məhduddur. Bu səbəbdən də Paşinyan gah nala vurur, gah da mıxa. Rusiya və Qərbin arasında vurnuxmaq heç də yaxşı gələcək vəd etmir və şimal qonşumuzun xəyanətkar forpostdan narazılığı getdikcə güclənir. Cənubi Qafqazın ən demokratik ölkəsi Azərbaycanın beynəlxalq nüfuzu və qüdrəti günbəgün artır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən önəmli layihələrin təşəbbüskarıdır, müstəqil siyasət yeridir, bütün dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlıq əsasında bərabərhüquqlu subyekt kimi əlaqə qurur. “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri böyük bir geosiyasi məkanın xəritəsini dəyişməklə Azərbaycana geosiyasi qovşaq statusu qazandırıb. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Aprel döyüşləri, Günnüt əməliyyatı göstərdi ki, Ermənistanın manevr imkanları tükənib, ölkəmiz həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə və torpaqlarını azad etməyə qadirdir. Bu fakt düşməni vahiməyə salır, Qərblə Rusiya arasında seçimə sövq edir. İki güc arasında vurnuxan Ermənistanın etibarsızlığı Rusiyada siyasi-analitik müstəvidə ciddi aqressiya və hiddət doğurur. Paşinyanın Moskvada qeyri-ciddi, diletant fiqur kimi qarşılanmasının, öz ölkəsinə əliboş, üzüqara qayıtmasının əsas səbəblərindən biri də budur. Onun Ermənistanda verdiyi müsahibələrdən, populist çıxışlarından və Moskvada səsləndirdiyi fikirlərdən bəlli olur ki, erməni baş nazir Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dumanlı və qeyri-obyektiv təsəvvürə malikdir. O, danışıqların Dağlıq Qarabağ separatçıları ilə aparılmalı olduğunu iddia etsə də, az sonra özünü təkzib edərək Ermənistanın münaqişədə bir tərəf olduğunu bildirir. Deməli, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların danışıqlarda tərəf olması barədə səsləndirilən iddialar yüngül desək, baş nazirin sərsəm xülyasından başqa bir şey deyil. Moskva səfərindən əvvəl Paşinyana yaxın kütləvi informasiya vasitələri qarşıdakı danışıqlardan gözləntilər və diplomatik uğurlar barədə materiallar dərc edir, müxtəlif versiyalar səsləndirirdilər. Baş nazir Ermənistanın Rusiyaya sədaqətinə dair difiramblar söyləməklə güzəştlər qoparacağına ümid etsə də, Putinin istehzalı baxışlarını görəndə yanıldığını anladı. Nikolun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın “yeni” mövqeyinə dəstək qazanmaq, Qazpromdan alınan qazın qiymətində güzəştlər əldə etmək, Azərbaycana silah satışının və ölkələrarası hərbi əməkdaşlığın qarşısını almaq, Ermənistana investisiyalar cəlb etmək arzusu ürəyində qaldı. Təkcə Nikol yox, bütün Ermənistan ictimaiyyəti bu səfərin yekunlarından, daha doğrusu, yekunsuzluğundan ciddi məyusluğa düçar oldu. Erməni iş adamları ilə görüş də bir nəticə vermədi. Nikol Paşinyanın uğursuzluğu bununla bitmədi, onu öz ölkəsində daha bir sürpriz gözləyirdi. Sentyabrın 11-də Ermənistanın iki xüsusi xidmət orqanının – Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçaturyan arasında telefon danışığının audioyazısının İnternetdə yayımlanması ölkədə gərginliyi daha da artırdı. Paşinyan Ermənistanda həyata keçirilən həbslərdən xəbərsiz olduğunu bildirərək, baş verən olayları şantaj adlandırsa da, audioyazı baş nazirin növbəti yalanını ifşa etdi. İstintaqçılar sabiq prezident Robert Köçəryanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi barədə qərarın siyasi sifariş olduğunu və Nikol Paşinyan tərəfindən verildiyini açıq etiraf etmişlər. Telefon danışığı zamanı İstintaq Komitəsinin sədrindən Yuri Xaçaturovun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə hazırlıq getdiyini eşidən Təhlükəsizlik Xidmətinin rəhbəri ciddi narahatlıq keçirərək, “bircə Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq” deyir. Komitə sədri Sasun Xaçaturyan isə Artur Vanetsyana Rusiya ilə “razılaşma” olduğunu söyləyərək, baş nazirlə danışmağı məsləhət görür. Öz rəqiblərini, Rusiyanın adamlarını, vaxtilə zərbə aldığı şəxsləri aradan qaldırmağa qərar verən baş nazir bu gün ciddi təlaş və qorxu içərisindədir. Əks təqdirdə o “Nikol Paşinyana nə isə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq” deməzdi. Görünür, Paşinyan özünü baş nazir postunda deyil, yenə küçə mitinqlərində “Soros uşaqları”nın yanında sərsəm fikirlər söylədiyi yerdə hiss edir. Aqillər doğru deyiblər: “Bundan sonra hara gedəcəyini bilmək üçün, bundan əvvəl haradan gəldiyini bilmək lazımdır”. Nikol Paşinyan küçədən gəlib, qayıdacağı yer də küçə olacaq.
Həsən HƏSƏNOV
“Xalq qəzeti”nin baş redaktoru
Əməkdar jurnalist