Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirib.
Problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyənin sonadək dəstəkləməyə davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir”.
Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir.
“Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.