ABŞ mətbuatında Azərbaycanın Türkiyə-İsrail münasibətlərindəki rolundan bəhs edilib

A- A A+

ABŞ-ın Xarici Siyasət Assosiasiyasının informasiya portalında Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində Azərbaycanın rolundan bəhs edən "Azərbaycan Türkiyə-İsrail barışığına necə kömək etdi?" sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin Müstəqillik Günü ərəfəsində bu ölkənin prezidenti İsxak Hersoqa təbrik məktubu göndərməsinə diqqət çəkilib, bunun iki dövlət başçısı arasında son həftələrdə gerçəkləşmiş üçüncü təmas olduğu vurğulanıb. Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun cari ilin mayın 24-də İsrailə səfərinin gözlənildiyi barədə məlumat verilib.

İsrail cəmiyyətinin tanınmış simalarının fikirlərinin yer aldığı məqalədə bu prosesdə Azərbaycanın açar rolu oynadığına ifadə olunan inam fonunda ölkəmizin İsrail ilə Türkiyə arasında münasibətləri yaxşılaşdırmaq üçün səylərini əsirgəmədiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, xalqları etnik köklər baxımdan qardaş olan Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı münasibətlər də qardaş və dost münasibətləridir, antisemitizm Azərbaycan və Türkiyə xalqlarının mədəniyyətinə yaddır. Azərbaycan və Türkiyə diasporları bütün dünyada qarşılıqlı təsir zəminində fəaliyyət göstərir və qeyd olunan bu amillər Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın həlledici rol oynamasına imkan verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: