Rumıniyanın “AGERPRES” agentliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyi barədə yazır
Rumıniyanın milli xəbər agentliyi “AGERPRES” Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə Türkiyənin sadiq qalması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı ilə bağlı bəyanatı barədə yazır.
NUHÇIXAN-ın məlumatına görə, agentliyin yaydığı məqalədə qeyd edilir ki, bu bəyanatı Türkiyə Prezidenti Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda səsləndirib.
Bildirilir ki, Türkiyə 1993-cü ildə Azərbaycanla həmrəy olaraq Ermənistanla sərhədini bağlayıb. Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır. Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasına əngəl olan iki məsələ vardır. Onlardan biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ikincisi isə Ermənistanın “erməni soyqırımı” iddialarıdır.