Prezident İlham Əliyev: Azərbaycan hər zaman öhdəliklərə sadiq olub, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik

A- A A+

Eyni zamanda biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrup yaratması barədə razılıq əldə olunduğunu xatırladan dövlətimizin başçısı deyib: “Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər zaman öhdəliklərə sadiq olub: “Lakin biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: