Ermənistanda yaşayan əhalinin böyük əksəriyyəti İrəvanda keçiriləcək bələdiyyə seçkiləri ilə yanaşı, son günlər Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrlə də yaxından maraqlanır.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Azərbaycan tərəfi cəbhədəki vəziyyəti daha da gərginləşdirmək üçün müntəzəm olaraq atəş açır. O, münaqişənin sülh yolu ilə həll olunmasından başqa alternativ yolun olmadığını bildirib.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
Analitik bildirib: “Göründüyü kimi, Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması erməni cəmiyyətində böyük narahatlığa səbəb olub. Beləliklə, erməni ictimaiyyətinin bütün diqqəti Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlərə yönəlib.
Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları ilə hökumət nümayəndələrinin açıqlamaları ikitirəlik təşkil edir. Belə ki, Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən Paşinyandan fərqli olaraq Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi daha yumşaq bəyanatlar verir. Görünür, Ermənistan Xarici İşlər Nazirliyi Paşinyanın qərəzli, sərt və ziyanlı açıqlamalarını ört-basdır etməyə, bacarmayanda isə qismən yumşaltmağa çalışır. Çünki Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistan hökumətində də narahatlığa və qorxuya səbəb olub”.
Ehtiram Aşırlı qeyd edib ki, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıdırsa, ilk növbədə, T.Balayan bununla bağlı N.Paşinayana müraciət etməlidir ki, bəyanatlarında təhdid dolu fikirlər səsləndirməsin və danışıqlar masası arxasına keçsin. Yoxsa bu cür gedişat Ermənistan hökumətində və cəmiyyətində növbəti bir xaosa səbəb ola bilər. Çünki erməni cəmiyyəti Paşinyanın Azərbaycana qarşı belə təhdid dolu bəyanatlar səsləndirməsinə görə narahatdır. Böyük ehtimal var ki, hökumət dairələri və ictimaiyyət Paşinyanı Azərbaycanla danışıqlar masası arxasına keçmədiyi üçün tənqid etməyə başlayacaq. Xüsusilə, əsgər analarının narahatlığı və növbəti dəfə Aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı etirazların baş verməsinə səbəb ola bilər. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxından bələddir. Erməni ictimaiyyəti çox gözəl bilir ki, Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması bir növ Paşinyanın təhdid dolu bəyanatlarına cavabdır. Lakin növbəti belə təhdidlərə Azərbaycan Ordusu bu dəfə təlimlə deyil, birbaşa döyüş meydanında cavab verəcək. Bu da öz növbəsində Paşinyanı təhdid dolu bəyanatlar əvəzinə daha yumşaq bəyanatlar səsləndirməyə vadar edəcək.