Naxçıvanda Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunda Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə təbriklərini çatdıraraq bildirib ki, Mustafa Kamal Atatürkün 103 il öncə mayın 19-da Samsunda yandırdığı istiqlal məşəli Ərzurumu, Sivası, Ankaranı, qarış-qarış bütün Anadolunu dolaşıb, böyük zəfəri və Cümhuriyyətin elanını mümkün edib. Azərbaycanla dostluq, qardaşlıq münasibətlərini hər zaman ön planda saxlayan Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyərək xalqlarımız arasındakı münasibəti tam şəkildə ifadə edib. Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Bu keçmişdə də belə idi, indi də belədir, sabah da belə olacaq.

Baş konsul “19 may mənim doğum günümdür”, – deyən Mustafa Kamal Atatürkün və silahdaşlarının, şəhidlərin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən övladların əziz xatirəsini ehtiramla yad edib, qazilərə şəfa diləyib, bayramı onlarla birgə qeyd etdikləri üçün muxtar respublikanın aid təşkilatlarının nümayəndələrinə, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev əlamətdar gün münasibətilə qardaş türk xalqını təbrik edərək bildirib ki, tarixin bütün çətin anlarında Azərbaycan və Türkiyə biri-birlərinin yanında olublar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində xalqımız bu dəstəyə bir daha şahidlik edib. Türkiyə cəmiyyətinin bütün təbəqələri kimi, Türkiyə gəncləri də Azərbaycana birmənalı şəkildə dəstək verib, bütün platformalarda, sosial şəbəkələrdə Azərbaycanın haqlı səsinin bütün dünyaya çatdırılmasında fəal iştirak edib. Azərbaycan-türk gənclərinin birgə iştirakı ilə tədbirlərdən biri də ötən il Naxçıvanın ev sahibliyi etdiyi, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə gəncliyini bir araya gətirən 1-ci Beynəlxalq Zəfər düşərgəsi olub. Düşərgədə Türkiyənin və Azərbaycanın bütün bölgələrindən 250-dən artıq gənc 5 gün müddətində müxtəlif tədbirlərdə iştirak edib. Eyni zamanda ötən il düşərgənin ikinci mərhələsi Türkiyənin Qaziantəp şəhərində baş tutub, bu düşərgədə də 200-ə yaxın gənc iştirak edib. 

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında 1000-dən artıq türkiyəli gənc müxtəlif ixtisaslar üzrə bakalavr və magistr təhsili alır, burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Əminliklə demək olar ki, həmin tələbələr üçün Naxçıvan onların ikinci evi kimidir. 

Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı Ceyran Quliyeva çıxışında muxtar respublikada, o cümlədən də universitetdə türkiyəli tələbələr üçün yaradılan hərtərəfli şəraitdən söhbət açıb, Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə təbriklərini çatdırıb.

Sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı mahnılar səsləndirilib, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi “Azərbaycan-Türkiyə” adlı şeir söyləyib.

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: