Ceyhun Bayramov ispaniyalı həmkarını Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumatlandırıb

A- A A+

Mayın 20-də İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə nazirlər İspaniya və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasına dair razılıq ifadə ediblər.

Nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, enerji, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: