Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarına səfəri zamanı burada yerləşən hərbi hissələri ziyarət edib. Bu ziyarətin əsas səbəbi də son zamanlar Ermənistan ordusunda əsgər ölümlərinin artmasıdır. Böyük ehtimal, onun işğal altındakı Dağlıq Qarabağa səfər etməsi məhz oradakı hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman T. adlı şəxsin intihar etməsi ilə əlaqədardır. Qeyd edilməlidir ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ordusu və qondarma rejimdə əsgər ölümləri ilə bağlı hadisələr daha geniş yayılıb.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında analitik Ehtiram Aşırlı bildirib.
Analitik qeyd edib ki, Aprel döyüşləri və Günnüt əməliyyatlarındakı məğlubiyyətlərdən sonra Ermənistan ordusundakı böhran getdikcə dərinləşir. Ermənistanın müdafiə naziri D.Tonoyan isə bu məsələləri həll etməkdə çətinlik çəkir, çıxış yolunu da həqiqətləri xalqdan gizlətməkdə görür. Həmçinin D.Tonoyan “Ermənistan ordusunda xidmət edən əsgərlərin ilin sonunadək yeni keyfiyyətli botinka və formalarla təmin ediləcək” şəklində bəyanatlar səsləndirərək xalqın diqqətini yayındırmağa və guya ordudakı vəziyyətin yaxşıya doğru getdiyini göstərməyə çalışır. Lakin bu zaman belə bir sual yaranır ki, həqiqətən Ermənistan ordusunda vəziyyət yaxşıya doğru gedirsə onda niyə erməni “dığa”ları xidmət etməkdən boyun qaçıraraq intihara cəhd edirlər?”.