Milli Məclisdə "Milli arxiv fondu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Prezident İlham Əliyevin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. “Milli arxiv fondu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Dövlət Proqramına uyğun olaraq hazırlanıb. Qanun layihəsində Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Təklif olunan dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur.