ABŞ-ın Yuta Ştatının Senatı və Nümayəndələr Palatası Azərbaycan ilə bağlı bəyannamə qəbul edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Yuta Ştat Senatının sədri Stuart Adams, Nümayəndələr Palatasının spikeri Brad Uilson, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Bəyannamədə Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olduğu və qadınlara ilk dəfə seçki hüququ verdiyi qeyd edilir.
Həmçinin Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dinlərin, o cümlədən müsəlmanların, xristianların və yəhudilərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Bildirilir ki, qədim dinlərarası tolerantlıq ənənələrini təşviq edən və gücləndirən bir mühit yaratmış Azərbaycan dini və etnik müxtəlifliyi öz milli sərvəti kimi dəyərləndirir. Qeyd olunur ki, son 10 ildə Azərbaycan dinlərarası dialoqu təşviq etmək üçün regiondan və dünyanın müxtəlif ölkələrindən din xadimlərini dəfələrlə bir araya gətirib.
Sənəddə Azərbaycanın ABŞ və Yuta Ştatının güclü tərəfdaşı olduğu və ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi diqqətə çatdırılır.
Bəyannamənin sonunda Yuta Senatı və Nümayəndələr Palatası Azərbaycanın dünyada azadlığın müdafiəsi və sülhün qorunması işinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini və Azərbaycan ilə qarşılıqlı faydalı dostluq münasibətlərinin qorunmasına böyük önəm verdiyini bildirir.