Milli Məclisin deputatları MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər
İyunun 9-10-da MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Forumunun və Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçiriləcək. Milli Məclisin deputatı Emin Hacıyev tədbirlərdə iştirak etmək üçün iyunun 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulacaqlar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda keçiriləcək MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Forumuna Emin Hacıyev sədrlik edəcək. Forum MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının 30 illiyinə və Gənclər Parlamentlərarası Assambleyasının 10 illiyinə həsr olunub.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına ünvanladığı salamlama nitqi səsləndiriləcək.
Forum çərçivəsində təşkil olunmuş dəyirmi masalarda “MDB-də gənclər parlamentarizmi: gənclər parlament strukturlarının təcrübəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, “Gənclərin ictimai diplomatiyası: regionlararası əməkdaşlıq və MDB ölkələrinin ortaq maraqları” mövzularında məruzələr dinləniləcək. Burada Milli Məclisin deputatı Nigar Arpadarai “Gənclər siyasəti, gənclərin hüquqlarının və maraqlarının təmin edilməsi sahəsində qanunvericiliyin aktual istiqamətləri” mövzusunda çıxış edəcək.
Deputat Emin Hacıyevin koordinatoru olduğu Gənclər Parlamentlərarası Assambleyasının iclasında MDB-yə üzv ölkələrdə “Mənim nəsil şəcərəm” müsabiqəsinin keçirilməsi, dövlət gənclər siyasəti məsələlərinə dair milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanması, bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Milli Məclisin üzvü Könül Nurullayeva tədbirdə mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu mövzusunda fikirlərini açıqlayacaq.
Səfər iyunun 11-də başa çatacaq.