Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, danışıq zamanı Ukrayna limanlarında gözləyən Türkiyəyə məxsus ticarət gəmiləri, eləcə də Türkiyə Silahlı Qüvvələrinə aid iki ədəd “A400M” tipli təyyarənin Ukraynada qalması və onların Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi mövzuları müzakirə olunub.
Bölgədə təcili atəşkəsin elan olunması, gərginliyin azaldılması, eləcə də humanitar yardımın çatdırılmasının zəruriliyini vurğulayan nazir Akar Türkiyənin Ukraynada sülhün bərpası və humanitar yardım baxımından üzərinə düşən dəstəyi göstərməyə davam edəcəyini bildirib.