Türkiyənin İzmir bölgəsində keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimləri başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimlərin iyunun 9-da keçirilən sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışı ilə yekunlaşıb.
Bağlanış mərasimində əvvəlcə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin ən böyük hərbi təlimlərindən olan “Efes-2022”nin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyib.
Türkiyə Silahlı Qüvvələrinin “Mehtaran” qrupunun çıxışından sonra türk ulduzları nümunəvi uçuşlar həyata keçiriblər.
Həmçinin paraşütçülər təlimlərdə iştirak edən ölkələrin dövlət bayraqlarını havada nümayiş etdiriblər.
“Efes-2022” təlimlərinin mətbuat mərkəzindən verilən məlumata görə bir ay davam edən təlimlərdə bütün tapşırıqlar qüsursuz yerinə yetirilib.
Qeyd edək ki, təlimə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları da cəlb edilmişdi.