Sədərək-Dilucu körpüsü dostluğun və qardaşlığın təməli, ümidlərin gerçəyə dönüşüdür

A- A A+

Bu il Araz çayı üzərindəki Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsindən 30 il keçir. 30 il öncə açılan bu körpü dostluğun və qardaşlığın təməlini özündə təcəssüm etdirir.

1992-ci il 28 may tarixi Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərindəki uzunluğu 288, eni 12 metr olan Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə əlamətdardır. Bu tarix türk və Azərbaycan xalqlarını bir-birinə qovuşdurmaq, qəlbdən-qəlbə körpü salmaq və Naxçıvanın inkişafı baxımından özündə bir çox mətləbləri birləşdirir. Naxçıvanın bu mühüm nəqliyyat arteriyasına “Ümid”, “Həsrət”, “Vüsal” və ya “Könül” körpüsü də deyirlər. Bu yolla təkcə Türkiyə ilə Azərbaycan birləşmir, bu körpü həm də Türk dünyasının coğrafi bütünlüyünü təmin edir. Dünyanın başqa bir yerində mənəvi cəhətdən bu qədər dəyəri olan, istifadəyə verilməsi bayrama çevrilən ikinci bir körpü yoxdur.

Təbii ki, hadisələrin əsl mahiyyəti onun öz zamanı çərçivəsində dəyərləndirilməsi nəticəsində ortaya çıxır. Bu baxımdan 30 il bundan öncə Naxçıvanda baş verənləri düzgün qiymətləndirmək üçün dövrün mənzərəsinə tarixi ekskursiya etmək kifayətdir.

Naxçıvan o dövrdə tamamilə təklənmişdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın əsas ərazisi ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi böhran dərinləşmişdi. Azərbaycanın ozamankı iqtidarı ölkədaxili vəziyyətə nəzarət edə bilmirdi. Belə bir şəraitdə Naxçıvanın yeganə çıxış yolu qonşu ölkələrlə yeni əlaqələrin qurulması idi. O dövrdə Türkiyə ilə münasibətlərin bərpası istiqamətində Naxçıvanda görülən işlər, atılan addımlar Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə – bu gününə istiqamətlənmişdi. Məlumdur ki, sovet rejimi 70 il ərzində iki qardaş xalqın bir araya gəlməsinə mane olmaq üçün bütün ideoloji vasitələrini işə saldı, müxtəlif qadağalar tətbiq etdi. Zaman göstərdi ki, bütün növ məhdudiyyətlər və məhrumiyyətlər nəinki içimizdəki qardaşlıq duyğularını yox edə bilmədi, əksinə, könüldən-könülə sarsılmaz tellər, qırılmaz bağlar yarandı.

Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərliyi dövründə Qars və Moskva müqavilələrini gündəliyə gətirməklə münasibətlərimizin mahiyyətini ortaya qoydu. Böyük Atatürkün “Türk qapısı” adlandırdığı bu qədim yurd yerində “Bir millət, iki dövlət” şüarı reallığa çevrildi. 1991-ci ildə Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü açıldı, əsas körpünün inşası isə davam etdirildi. Ulu öndər bu körpünün qısa vaxtda istifadəyə verilməsinə çalışırdı. Hətta bu məqsədlə Türkiyə hökumətinə xüsusi məktub da ünvanlanmışdı. Dahi rəhbərin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində Ankarada imzalanmış “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nda da bu məsələ öz əksini tapdı.

Ümid körpüsünün açılışı zamanı bütün dünyanın diqqəti Naxçıvana, Naxçıvan-Türkiyə sərhədində baş verənlərə yönəldi. On minlərlə soydaşımızın iştirakı ilə keçirilən tarixi açılış mərasimindəki nitqində ulu öndər Heydər Əliyev deyirdi: “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”.

60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitələri nümayəndələri ilə (155 nəfərlik nümayəndə heyəti) Araz çayı üzərində qurulan “Ümid” körpüsünün açılışında iştirak etmək üçün Naxçıvana gələn Türkiyənin ozamankı Baş naziri Süleyman Dəmirəl hava limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək deyib: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyildir. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik. Bu körpü, sadəcə, Türkiyə və Azərbaycanı deyil, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır. Məhz onu dəyərli edən də budur”. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti kimi Naxçıvana səfərində ümummilli lider Heydər Əliyev körpünün açılması zərurətini xatırlayaraq deyib: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərdə qəlbimdə qalan arzu idi... Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.

Bu gün Türkiyə-Azərbaycan əlaqələrində, Türk dünyasının birlik və həmrəyliyində Naxçıvanın xüsusi yeri vardır. Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi, sammit çərçivəsində “Naxçıvan Bəyannaməsi”nin imzalanması bunun bir sübutu kimi mühüm tarixi hadisədir. 2010-cu ilin oktyabr ayında Azərbaycan-Türkiyə biznes-forumunun Naxçıvanda təşkili iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açıb. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının Naxçıvana marağını artırır.

Bu gün Türkiyə ilə Naxçıvan arasında bütün sahələrdə yaradılan qarşılıqlı əlaqələr durmadan inkişaf edir və möhkəmlənir. 2010-cu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Türkiyəyə rəsmi səfəri, bu zaman qardaş ölkənin dövlət və hökumət başçıları, ordu rəhbərliyi və digər rəsmi şəxslərlə keçirilən görüşlər əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Türkiyə ilə Naxçıvan arasında bütün sahələrdə qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələr mövcuddur. Son illərdə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır, müxtəlif sahələrdə razılıqlar əldə olunur. Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrində Türkiyənin payı və rolu ilbəil artır. Ötən illər ərzində Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi vasitəsilə dünyanın bir çox ölkəsi ilə ticarət əlaqəsi yaradılıb.

Naxçıvanın xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. Şərqlə Qərbin qovşağında, Böyük İpək Yolunun üzərində yerləşən bu qədim diyarın sürətli sosial-iqtisadi inkişafı bölgənin turizm, eləcə də tranzit imkanlarını ildən-ilə artırır. Bütün bunlar isə onu deməyə əsas verir ki, 30 ildir ümidlərin və arzuların körpüsü olaraq bir millətin iki dövlətini birləşdirən Sədərək-Dilucu körpüsü bundan sonra da iki qardaş xalqın rifah halının yaxşılaşmasına, sarsılmaz birliyinə və bütövlüyünə xidmət edəcəkdir. Sədərək-Dilucu körpüsünün istifadəyə verildiyi gün Naxçıvanda əsl bayram sevinci yaşanırdı. Naxçıvanlılar bu tarixi unutmur... Türkiyə-Azərbaycan-Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində görülmüş işlər daim ehtiramla xatırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir. Fəaliyyət göstərdiyi dövrlərdə Sədərək-Dilucu körpüsü bizi bir-birimizə daha sıx birləşdirib, hər iki tərəfdən insanların həyatının yaxşılaşmasına xidmət göstəribdir”.

Vətən müharibəsində qazanılan qələbə və regionda kommunikasiyaların açılması Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcəkdir. Həyata keçirilməkdə olan Qars-Naxçıvan dəmir yolu layihəsi də Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələrinə birləşdirilməsi Naxçıvanın inkişafında daha mühüm rol oynayacaq.

Yaşar Rəhimov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

tarix üzrə fəlsəfə doktoru

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: