İrəvanda hökümət binası qarşısında gərgin vəziyyət yaranıb.
NUHÇIXAN xəbər verir ki, Çəmbərək şəhərinin sakinləri polis səddini keçərək binaya daxil olmağa çalışıblar. Nəticədə etirazçılarla güc-strukturları arasında qarşıdurma yaşanıb.
Ermənistanın Krasnoselk rayonunun Çəmbərək şəhərinin sakinləri problemlərinin həlli ümidi ilə İrəvana üz tutublar. Etirazçıların “məxməri inqilab” zamanı dəstəklədikləri Nikol Paşinyanla görüş ümidləri puç olub. Baş nazirin onları dinləmədiyini görən narazı kütlə polis səddini keçərək binaya daxil olmağa çalışıb. Nəticədə etirazçılarla güc-strukturları arasında qarşıdurma yaşanıb. Etirazçılar polisə bildiriblər ki, onlar terrorçu deyillər, sadəcə baş nazir tərəfindən dinlənilmələrini istəyirlər. Əgər hökumət rəsmisi onların problemləri ilə maraqlanmırsa, bu barədə beynəlxalq təşkilatlara müraciət etməyə məcburdurlar.
Etirazçıların sözlərinə görə, evsizlik ölkə əhalisinin əsas problemləri sırasına daxildir. Hökumət binası qarşısına illərdir həllini tapmayan bu məsələ ilə bağlı bu gün 500 nəfər yığışıbsa, sabah onların sayı minlərlə olacaq. Əvvəlki hökumət vətəndaşlara problemin həllinə dair söz verib. Hətta komissiya yaradılaraq evsizlərin siyahısı tərtib edilib. Qərara alınıb ki, onlara kompensasiya ödənilsin. Aradan xeyli vaxt keçsə də məsələ həllini tapmayıb.
Etirazçılar deyirlər ki, ev tikmək üçün onların hər birinə 20 min dollar bəs edər. Şikayətçilərlə görüşən baş nazirin məktublar şöbəsinin rəisi Arutyun Gevorkyan isə Ermənistanın hazırkı büdcəsinin buna imkan vermədiyini açıqlayıb. O, problemin miqyasının dərin olduğunu etiraf edib. Bildirib ki, evsiz vətəndaşlar bir qədər də səbrli olmalıdırlar. Gevorkyan ölkənin bundan da vacib problemlərlə qarşı-qarşıya olduğunu deyib. Narazı vətəndaşlar isə hökumət nümayəndəsinin bu cavabından razı qalmayıb. Ermənistan mətbuatı yazır ki, son 30 ildə ölkədə yaşayış binası tikilməyib. Sovet dövründə inşa olunan çoxmərtəbəli binalar isə təmir-bərpa işləri aparılmadığından qəzalı vəziyyətdədir. Əgər Ermənistanda 1988-ci ildə baş verən təbii fəlakət təkrarlansa, yaşayış binalarının 40 faizi dağılacaq. Tələf olanların sayı isə 110 mini keçəcək. Təkcə İrəvandakı 4600 çoxmərtəbəli binada seysmik aktivliyinin qarşısını almaq üçün 12-15 milyard dollar vəsait lazımdır. Təmir-bərpa işlərinin aparılması üçün də xeyli vəsait tələb olunur. Bu qədər məbləğ isə Ermənistan büdcəsində yoxdur.