Biz özümüzü mümkün olan risklərdən öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.
Dövlətimizin başçısı bildirib ki, ilk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk. Bakıda keçirilən bir çox beynəlxalq tədbirlər ən böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.