Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qarantıdır

A- A A+

Deyirlər, Vətən sərhəddən başlayır. Vətəni göz bəbəyi kimi qorumaq, uğrunda qan tökmək, can vermək amalı onu sevən hər bir vətəndaşın, şübhəsiz ki, ən ümdə vəzifəsidir. Vətənə, yurda, doğma torpağa bağlılıq öz soykökümüzə, suverenliyin və müstəqilliyin müqəddəs rəmzi olan şanlı bayrağımıza, qədim tariximizə, o cümlədən milli-mənəvi dəyərlərimizə bağlılıqdır. Ulu öndər Heydər Əliyev Vətən sevgisinin mahiyyətini və əhəmiyyətini böyük uzaqgörənliklə ön plana çəkərək demişdir: “Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”.

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”

Əminliklə demək olar ki, böyük şair və publisist Məmməd Arazın bu misraları aktuallıq baxımından vətəndaşlıq konsepsiyasının bütün sahələrini bu gün də özündə ehtiva etməkdədir. Əbədi, əzəli Azərbaycan torpaqlarında özlərini aborigen xalq kimi göstərməyə çalışan Ermənistanın Azərbaycana qarşı əsassız ərazi, torpaq iddiası və bu iddianı reallaşdırmaq niyyəti özünü bu ölkənin “vətən daşı” bilənləri Vətənin müdafiəsinə qalxmağa, hər bir qarışı uğrunda qan tökməyə vadar etdi. Bu baxımdan Vətən müharibəsi kimi yaddaşlara yazılan əks-hücum əməliyyatları – 44 günlük döyüşlərlə bağlı baş verənləri düzgün qiymətləndirmək üçün son dövrlərin mənzərəsinə tarixi ekskursiya etmək kifayətdir.

Arzulardan reallığa – şərəfli missiya

Türk dünyasının məşhur alimi olan, eyni zamanda elmdə Aristoteldən sonra “İkinci müəllim” fəxri adını qazanmış Əbu Turxanın müdrik bir kəlamı var: “Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür”. İdeya əbədi olanda, şübhəsiz ki, şəxsiyyət də əbədiyyətə qovuşur. Bu xüsusda ən vacib məqam isə ideya sahiblərinin yarım qalan arzularının reallığa çevrilməsidir.

Bu gün ulu öndər Heydər Əliyev siyasətini bütün parametrlər üzrə böyük siyasi iradə və qətiyyətlə davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğunun da inkişafına böyük töhfə verməkdədir. Etiraf etmək lazımdır ki, 104 illik tarixində çətin, mürəkkəb, o cümlədən şərəfli bir yol keçən Azərbaycan Ordusu tarixinin heç bir mərhələsində son 25 ildə olduğu qədər inkişaf etməyib. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından dünyanın mükəmməl hərb sənətinə malik müxtəlif ölkələri ilə eyni cərgədə qərarlaşır və aparıcı 50 ordu sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir” fikri bu faktı bir daha təsdiq edir.

Eyni zamanda ötən müddət ərzində ordumuzun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılaraq maddi-texniki bazanın inkişaf etdirilməsi, xüsusilə diqqətdə saxlanılmış, qabaqcıl üsulların tətbiqilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, eləcə də şəxsi heyətin müxtəlif ölkələrdə döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində böyük uğurlara nail olunmuşdur. Təlim demişkən...

 

Təlimdə tər, meydanda zəfər

Avropa və dünya hərb sənətində böyük iz qoyan məşhur rus sərkərdəsi Aleksandr Suvorov təlimlərin peşəkarlığın artırılmasını daha da stimullaşdırdığını, o cümlədən mütəmadi olaraq keçirilməsini yüksək dəyərləndirərək deyib: “Təlim əsgərin akademiyasıdır”. Müasir hərb tarixində də təsdiq olunduğu kimi, təlimlər ən mühüm hərbi əməliyyatlar zamanı şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, psixoloji gərginliyin azaldılmasında, həmçinin qələbəyə olan inamın formalaşmasında başlıca rol oynayır.

Bu baxımdan son illər ordu quruculuğumuzda diqqət yetirilən prioritet sahələrdən biri də müxtəlif genişmiqyaslı hərbi təlimlərin davamlı olaraq təşkilidir. Təlimlərin keçirilməsində əsas məqsəd döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsindən ibarətdir.

Qeyd etmək lazımdır ki, ötən dövrlər ərzində dünyanın bir sıra qabaqcıl ölkələri ilə imzalanan hərbi əməkdaşlıq haqqında sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında və xarici ölkələrdə çoxşaxəli hərbi təlimlər uğurla reallaşdırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında düşməni lərzəyə gətirən “Sarsılmaz qardaşlıq-2019”, 2020-ci ildə Azərbaycan-Türkiyə və “Sarsılmaz qardaşlıq-2021” birgə növbəti hərbi təlimləri bölmələrin döyüşə hazırolma vəziyyətini və şəxsi heyətin peşəkarlıq səviyyəsini daha da təkmilləşdirməklə yanaşı, modern silahların və müxtəlif təyinatlı döyüş texnikalarının tətbiqinə də geniş imkanlar yaradıb.

 

Tarixi zəfərin böyük müjdəçiləri: Aprel döyüşlərindən Günnüt qələbəsinə

Tarixin bəzi hadisələri vardır ki, qısa zaman kəsiyində xatirəyə çevrilərək unudulur. Lakin elə hadisələr də vardır ki, onlar bütöv bir xalqın təqvimində silinməz iz buraxaraq yeni tarixin başlanğıcına çevrilir. Şübhəsiz ki, 2016-cı ilin şanlı Aprel və 2018-ci ilin Günnüt qələbəsi də belə tarixi hadisələrdəndir. Ardıcıl olaraq əldə edilən hər iki tarixi qələbə Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu dosta da, düşmənə də açıq şəkildə bəyan etdi. Bu müvəffəqiyyətlər, eyni zamanda ordumuzun davamlı təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində parlaq qələbəsi kimi əbədi yaddaşlara həkk oldu.

Bununla yanaşı, Günnüt zəfərindən sonra Ermənistan KİV və sosial şəbəkələri Azərbaycanın güclü ordusu haqqında etiraflarını açıq şəkildə dilə gətirməyə məcbur olaraq “keçilməz”, “məğlubedilməz” ordu xülyalarından da əl çəkməyə başladılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Günnüt əməliyyatında əldə edilən tarixi zəfər və qələbənin zərurətini vurğulayaraq demişdir: “Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyəti yerindədir və uğurlu Günnüt əməliyyatı bunun bariz nümunəsidir. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi”.

 

1 yaşlı körpəyə 1 tonluq ballistik raket atan işğalçı ölkə üzərində BÖYÜK QƏLƏBƏ

Qalib qürurla, məğlub isə hər zaman intiqam hissi ilə yaşayır. Aprel və Günnüt zəfərlərindən dərs çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyi yenə də müntəzəm xarakter alan təxribatlarından əl çəkmədi. Nəticədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 günlük müharibədə ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, o cümlədən əlini günahsız körpənin, qadının, yaşlı insanın qanına batırmağa vərdiş edən işğalçı ölkə üzərində əzmkar qələbə qazanmışdır. Möhtəşəm qəhrəmanlıq salnaməmiz olan bu böyük Zəfər Azərbaycana ötən əsrin sonlarına yaxın itirdiyi torpaqları geri qaytarmaqla yanaşı, eyni zamanda 30 ilə yaxındır, ölkədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən, vaxtilə öz dədə-baba yurdlarından zorla didərgin salınan məcburi köçkünlərimizin də doğma yurdlarına yenidən qayıtmasına zəmin yaratdı.

Bu gün tariximizin ən parlaq, vüqarlı, o cümlədən qürurlu günlərini yaşayırıq. Mübariz ruhlu, polad iradəli Azərbaycan xalqı 30 il səbirlə, təmkinlə dözdü, gözlədi. Çünki xalq öz liderinə, siyasi iradəsinə, uğurlu diplomatiyasına daim inanırdı. Nəticə etibarilə, Azərbaycan Vətən müharibəsində həm döyüş meydanından, həm də siyasi arenadan qalib bir dövlət kimi çıxdı. Qələbəsi ilə regionda yeni reallıq yaradan Azərbaycan bir daha sübut etdi ki, hər zaman haqqın, ədalətin tərəfindədir. Bu tarixi nailiyyətin ən diqqətçəkən nüanslarından biri də məhz beynəlxalq hüquqda ədalətin bərpası, qalib gələn haqqın təcəssümü idi. Şübhəsiz ki, mövcud gerçəklikləri ermənilərin torpaqlarımıza əsassız iddiaları ilə tanış olan beynəlxalq ictimaiyyət də yaxşı bilir. Bu baxımdan həqiqətləri qəbul edən və ona ehtiramla yanaşan ölkələrin haqq işi uğrunda mübarizəmizdə bizə dəstək olması da təsadüfi deyil.

Xüsusilə qeyd edilməlidir ki, müzəffər Ordumuzun tarixi Qələbəsi ilə nəticələnən 44 günlük müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirərək işğal altında olan rayonlarımızın, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı – Şuşanın azad olunmasında müstəsna rol oynayıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

 

Şəhid ailələri və qazilərə verilən yüksək dəyər: gənc nəslə vətənpərvərlik örnəyi

Təbii ki, müharibə şəhidsiz, şəhidsiz isə Vətən olmur. Əzəli və əbədi torpaqlarımızın işğaldan azad olunması, şanlı bayrağımızın bütöv Azərbaycanda dalğalanması naminə minlərlə can qurban oldu, hər bir insanın yüksəlmək istədiyi şəhidlik zirvəsi fəth edildi. Əminliklə demək olar ki, ölümün gözünə dik baxan qəhrəmanlarımızın sonsuz Vətən sevgisi gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində böyük bir məktəb rolunu oynayır. Onların əbədiyyətə qovuşması, bu şərəfli amal uğrunda sağlamlıqlarını itirməsi həm də arxalanıb, güvəndikləri dövlətin möhkəmlənməsi, qüdrətlənməsi deməkdir. Hərbi qulluqçularımızın göstərdikləri şücaət və fədakarlıqlar ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında hər zaman yüksək qiymətləndirilir. Bu gün muxtar respublikamızda şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra bu istiqamətdə önəmli addımlar atılıb. Belə ki, onların məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılmasına, sosial dəstək paketlərinin icrasına xüsusi həssaslıqla yanaşılır. Bu istiqamətdə reallaşdırılan ardıcıl tədbirlərin davamı kimi, ötən dövr ərzində bu kateqoriyadan olan vətəndaşlarla mütəmadi olaraq müxtəlif görüşlər keçirilib, həmçinin müasir tələblərə cavab verən mənzillər və avtomobillər təqdim olunub. Sistemli və ardıcıl xarakter daşıyan bu tədbirlər muxtar respublikamızda insan kapitalına verilən yüksək dəyərin, eləcə də torpaqlarımızı düşmən işğalından azad edən şəhidlərin ailələrinə və qazilərə göstərilən ehtiram və diqqətin təzahürüdür.

Bu gün əzəli Azərbaycan torpağı olan Qarabağ öz həqiqi, doğma sahiblərinə qovuşmağın böyük sevincini, qürurunu yaşayır. Bu qovuşma və bütövləşmənin təməlini isə istisnasız, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl diplomatiyası, Milli Ordumuzun fədakar və əzmkar mübarizəsi, Xalq-Lider-Ordu birliyi qoyub.

 

Arif Bayramov

Naxçıvan Muxtar Respublikası

Dövlət Miqrasiya Xidmətinin mətbuat və

 ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: