Böyük Britaniya hökuməti Azərbaycanda və Ermənistanda minaların zərərsizləşdirilməsi üçün əlavə 500 min funt-sterlinq ayırır

A- A A+

Böyük Britaniya hökuməti Azərbaycanda və Ermənistanda minaların təmizlənməsini dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) əlavə 500 min funt-sterlinq məbləğində ikinci maliyyə dəstəyini ayırır.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu vəsait Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) minaların effektiv təmizlənməsində təlim və ekspert məsləhəti ilə kömək etmək imkanı verəcək. Dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olan bu regionun minalardan təmizlənməsinə Böyük Britaniyanın verdiyi dəstək indi 1 milyon funt-sterlinqdən çoxdur.

Qeyd olunub ki, region dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş bölgələrdən biridir. Ayrılan vəsait ərazi təhlükəsizliyini təmin etmək, xəsarətlərin qarşısını almaq və insanların həyatını xilas etmək üçün mühüm təlim və mütəxəssis məsləhətlərinin təmin edilməsinə imkan yaradacaq.

“Böyük Britaniyanın bu maliyyə dəstəyi BMT-nin təcrübəsindən istifadə edəcək, həm Ermənistanda, həm də Azərbaycanda mülki həyat üçün riskləri azaldacaq və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək.

Regiondakı bütün xalqları qorumaq naminə Böyük Britaniya Ermənistan və Azərbaycanı piyadalar əleyhinə minalar və kasetli silahların istifadəsinin aradan qaldırılmasına yönəlmiş BMT konvensiyalarını imzalamağa çağırır. Biz səlahiyyətli şəxsləri BMT və digər humanitar təşkilatların regionun bütün yerlərində sülh və inkişafın dəstəklənməsinə maksimum dərəcədə töhfə verə bilmələrini təmin etməyə çağırmaqda davam edirik”, - deyə Böyük Britaniyanın xarici işlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: