Milli Məclisin deputatı Ermənistanı ATƏT PA-nın qərarlarından nəticə çıxarmağa çağırıb

A- A A+

Azərbaycan nümayəndə heyəti iyulun 6-da Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyanın bağlanış plenar iclasında iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, plenar iclasın müzakirə hissəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib. Deputat çıxışında daha öncə keçirilmiş komitə iclaslarında Azərbaycanın maraqlarına zidd olan, erməni nümayəndə heyəti tərəfindən irəli sürülmüş qərəzli və əsassız düzəlişlərə qarşı çıxdıqlarına görə ATƏT PA-nın üzvlərinə təşəkkürünü çatdırıb: “Düzəlişlərə qarşı çıxmaqla Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını, Cənubi Qafqazda dayanıqlı sülhü, etimad quruculuğunu və bütün məsələlərin tərəflər arasında birbaşa dialoq vasitəsilə həllini dəstəklədi. ATƏT PA alternativi olmayan sülh və təhlükəsizliyə yönəlmiş cəhdləri rədd etdi, sağlam düşüncə və hamımızın bölüşdüyü təməl prinsiplərə sadiqlik qalib gəldi. Buna görə hamınıza təşəkkür edirəm”.

Çıxışının davamında Azay Quliyev Ermənistan nümayəndə heyətinə müraciət edərək onları illik sessiya ərzində qeyri-konstruktiv mövqe tutduqlarını və təhrikedici ritorika üzrə çıxış etdiklərini qeyd etdi: “Nə qədər bizə çətin olsa da, Azərbaycan Ermənistanla münasibətlərdə yeni dövrün açılması üçün davamlı səylər göstərir və məlum 5 təməl prinsipi əsasında sülh sazişi imzalamağa hazırdır. Bizim məqsədimiz aydındır-regionda sülhü və təhlükəsizliyi davamlı etmək”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan nümayəndə heyətinə xitabən bildirib ki, əgər Ermənistan həqiqətən də münasibətlərin normallaşmasında və Brüssel sülh danışıqlarında maraqlıdırsa, bu gün ATƏT Parlament Assemleyasının qəbul etdiyi qərardan düzgün nəticə çıxarmalı və sülhə töhfə verməlidir.

Çıxışının sonunda Azay Quliyev onu iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin sədri seçdiklərinə görə Assembleya üzvlərinə təşəkkür edib və ATƏT regionunda istifadə olunmamış təhlükəsizlik və əməkdaşlıq potensialından faydalanmaq istiqamətində səylərini səfərbər edəcəyini söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: