Muxtar respublika parlamenti deputatının rəhbərlik etdiyi heyət CORLEAP-ın toplantısına qatılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sentyabrın 24-də Ukraynanın paytaxtı Kiyev şəhərində Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (Conference of the Regional and Local Authorities for the Eastern Partnership-CORLEAP) 8-ci illik yığıncağı keçirilib. İllik yığıncağın işində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Avropa Birliyindən olan 28 dövlətin və 6 “Şərq tərəfdaş” ölkənin regional və yerli hakimiyyət nümayəndələrinin iştirakı ilə keçirilən illik yığıncaq Kiyev Şəhər Radasında öz işinə başlayıb.
Yığıncaqda Avropa Birliyi-Şərq tərəfdaşlığı formatında əməkdaşlığın hazırkı durumu və perspektivlərini əks etdirəm bir sıra məsələlər müzakirə olunub və müvafiq tövsiyə sənədləri qəbul edilib. Ukraynanın, AVRONEST-in, Avropa Şurasının, Avropa İttifaqının rəsmi təmsilçilərinin, diplomatların, vətəndaş cəmiyyəti və müxtəlif KİV nümayəndələrinin iştirakı ilə keçirilən illik yığıncaqda “Yerli əməkdaşlıq məsələlərinə dair” və “Yerli iqtisadi inkişaf məsələləri haqqında” iki tematik məruzə müzakirə edilərək qəbul olunub.
Yığıncaqda həmçinin “Gənc vətəndaşların cəlbi və dezinformasiya probleminin həlli”nə dair sessiya keçirilib. Avropa İttifaqının bu sahə ilə bağlı qurumunun (DROG) nümayəndələrinin məruzələri dinlənilib və gənclərin prezentasiyalarına baxılıb. Yığıncaqda eyni zamanda Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrinə maliyyə dəstəyinə dair Avropa İttifaqının Qonşuluq, inkişaf və beynəlxalq əməkdaşlıq instrumentinə dair rəsmi nümayəndəsi Hans Yansenin təqdimatı dinlənilərək ətrafında müzakirələr aparılıb.
İllik yığıncaqda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov qeyd edib ki, son on ildə Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox kapital qoyulub. Həmin məbləğin 3 milyard dolları qeyri-neft sektoruna investisiya olunub ki, bu da iqtisadi mühitə, o cümlədən regional iqtisadi aktivliyə əhəmiyyətli dərəcədə təsir edib. Bu illər ərzində Avropa İttifaqı tərəfindən yönəldilən sərmayələr bütün kapital qoyuluşlarının 46 faizini təşkil edib. Bu da öz növbəsində ölkəmizi enerji təhlükəsizliyi və kommunikasiya sahəsində Avropanın mühüm tərəfdaşına çevirib. Bu gün Avropa İttifaqı həmçinin Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Natiq bu tip məzmunlu münasibətin qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə, o cümlədən dayanıqlı regional inkişafın təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Yığıncaqda həmçinin Azərbaycan nümayəndə heyəti bir sıra sənədlərə dair əlavə və düzəliş təşəbbüsləri ilə çıxış edib. İrəli sürülən təkliflər səsverməyə qoyularaq nümayəndələr tərəfindən qəbul olunub.
Avropa İttifaqının rəsmiləri məlumat veriblər ki, Avropa Birliyi-“Şərq tərəfdaşlığı” alətlərinin daha səmərəli tətbiqi üçün maliyyə dəstəyi, o cümlədən regionların və bələdiyyələrin birbaşa maliyyələşdirilməsi üçün Avropa fondlarının həcminin artırılması və onlara çıxış imkanlarının sadələşdirilməsi üçün müvafiq siyasi qərar verilib.
CORLEAP 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilib və Avropa İttifaqı -“Şərq tərəfdaşlığı” platformasının regional və yerli hakimiyyətləri üçün institut rolunu oynayan stukturdur.