NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. 251 şəhid verilsə də, dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb.
Baş konsul onu da bildirib ki, hər dəfə olduğu kimi 15 iyul gecəsi də qardaş Azərbaycan Respublikası Türkiyə Respublikasına öz dəstəyini göstərib. Məhmət Emin Kiraz göstərilən dəstəyə görə minnətdarlıq edib.
Sonra Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı hazırlanan videoçarxlara baxış olub.
Mahmud Hüseynov