Ceyhun Bayramov: Hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətləri nümunə təşkil edir

417

Avqustun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə çıxışına başlayan nazir Ceyhun Bayramov hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətlərinin nümunə təşkil etdiyini vurğulayıb. Münasibətlərin strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqliyə yüksəldiyini diqqətə çatdırıb. Azərbaycan xarici işlər nazirinin dünyanın 144 ölkəsində təmsil olunan diplomatik missiya rəhbərlərinin, Türkiyə səfirlərinin konfransında çıxışının əlaqələrin ən yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Prezident İlham Əliyevin və Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində qarşılıqlı maraqlarımıza xidmət edən birgə səylərimizin, ölkələrimizin müxtəlif beynəlxalq platformalarda bir-birinə göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğalı zamanı həyata keçirilmiş vandallıqlar barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra postmünaqişə mərhələsində bölgədə sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan, bərpa və quruculuq işlərindən bəhs edib. Ermənistanın üçtərəfli Bəyanatlara zidd fəaliyyətləri və bölgədə son təxribatlar barədə iştirakçıları məlumatlandırıb.

Xarici işlər naziri Ceyhun Bayramov tərəfindən bununla yanaşı, ASALA və digər erməni terror təşkilatları tərəfindən şəhid edilən Türk diplomatlarının və ailə üzvlərinin əziz xatirəsi yad edilib və bölgəmizdə nifrət dolu ideologiyalara yer olmadığı bildirilib.

Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini müdafiə etdiyini qeyd edib. Xüsusilə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə qardaş ölkənin bütün səviyyələrdə Azərbaycana verdiyi siyasi dəstəyini, Türkiyənin daim haqqın yanında olmasını bildirib. Qardaş Türkiyə ilə atdığımız qətiyyətli və məqsədyönlü addımların Cənubi Qafqaz və daha geniş bölgədə sülh, təhlükəsizlik, ədalət və rifahın daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayib.

Müstəqil, güvənilən, balanslı və çoxşaxəli diplomatiya həyata keçirən Azərbaycanın ikitərəfli və çoxtərəfli platformalarda həyata keçirdiyi işlər barədə səfirlərə müfəssəl məlumat verib. 2019-cu ildən etibarən Qoşulmama Hərəkatında sədrliyimiz, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda fəal üzvlüyümüz çərçivəsində təşəbbüslərimizin sülh və təhlükəsizliyə müsbət töhfə verdiyi diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər sistemində baş verən çağırışlar və transmilli təhdidlərdən, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsində yaşanan problemlərdən bəhs edən nazir, belə bir mühitdə əməkdaşlığın daha da gücləndirilməsinin, yeni əməkdaşlıq mexanizmlərinin və platformalarının tətbiq edilməsinin vacib olduğunu qeyd edib.

Böyük siyasi və iqtisadi potensiala malik olan Azərbaycan və Türkiyənin müttəfiqliyinin regionda sülhün və təhlükəsizliyin, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldiyini diqqətə çatdırıb. Bütün maneələrə baxmayaraq, 1990-cı illərdən dövlətlərimizin həyata keçirdiyi birgə irimiqyaslı regional layihələrdən bəhs edən nazir, hazırda energetika, nəqliyyat-logistika sahələrində reallaşan işlərin və gələcək planların ikitərəfli səviyyədə, habelə geniş regional müstəvidə ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük töhfə verdiyini bildirib.

Ceyhun Bayramov çıxışının sonunda qardaş ölkənin diplomatik təmsilçilərinə şərəfli və çətin fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra nazir Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: