İƏT qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutmasını pisləyib

A- A A+

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın ərazisində qanunsuz erməni silahlı dəstələrinin avqustun 3-də Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbi qulluqçu Anar Kazımovun şəhid olmasını pisləyən bəyanat yayıb.

Baş Katiblikdən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan bəyanatın mətnində qeyd olunub ki, İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.

İƏT Xarici İşlər Nazirləri Şurasının bu ilin martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan Baş Katiblik, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağırıb.

İƏT-in Baş Katibliyi Azərbaycan şəhidinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: