Malayziyanın nüfuzlu “New Straits Times” portalında Azərbaycanın Malayziyadakı səfirliyinin konsulu Elsevər Salmanovun “Azərbaycan Ordusunun antiterror əməliyyatlarının ciddi əsası” sərlövhəli məqaləsi dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir əməliyyatının ciddi əsasa malik olduğu qeyd edilib. Bildirilib ki, sülhün təmin olunması istiqamətində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış 3 sənədin tələblərinin yerinə yetirilməsi üçün Ermənistan rəhbərliyi hələ də konkret addım atmayıb. Bu ölkə həmin sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək və zaman qazandığını zənn edərək “Qarabağ hərbi birləşmələri”, “təmas xətti”, “atəşkəs” kimi heç bir əsası olmayan yeni uydurma anlayışlar ortaya atmaqda davam edir. Vurğulanır ki, bu cəhdlər Ermənistana heç bir fayda gətirməyəcək.
Məqalədə Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyətli layihənin gecikdirilməsinin məntiqlə izah edilməsinin mümkünsüzlüyünə, regional kommunikasiya xətlərinin açılmasının ən çox Ermənistana faydalı olacağına dair əsaslı fikirlərə yer verilib.
Qeyd edilib ki, cinayətkar qeyri-qanuni dəstə separatist ritorikasını, dağıdıcı fəaliyyətini davam etdirdikcə Azərbaycanın Qarabağ bölgəsində yaşamaqda davam edə bilməz. Bu silahlı dəstələrin mövcudluğu Azərbaycan Ordusunun antiterror əməliyyatlarının əhatə dairəsinin genişlənməsi üçün ciddi əsas yaradır.
Yazının sonunda Ermənistanın qeyri-konstruktiv addımları nəzərdə tutularaq, bir ölkənin öz öhdəliklərini yerinə yetirməsi üçün cəzalandırılmanı gözləməsinin heç də faydalı olmayacağı əksini tapıb.