Azərbaycan ərazilərinin minalanmasının məcburi köçkünlərin qayıdışına maneə törətdiyi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb
Bolqarıstanın xəbər agentliklərində azərbaycanlı məcburi köçkünlərin Zəngilan və Laçına qayıdışı, Azərbaycanın bu qayıdışı təmin etmək üçün gördüyü irimiqyaslı işlər və bu xüsusda başlıca çətinliklər, o cümlədən Ermənistanın hərbi təxribatları dayandırmaması, əraziləri minalamaqda davam etməsi barədə geniş məlumatlar yayılıb.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, məlumatlarda Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni əhalisinin Ermənistan ərazisinə birbaşa çıxışını təmin edən müasir avtomobil yolunun Azərbaycan tərəfindən tikintisinin başa çatması və yeni yolun tikintisi zamanı Azərbaycan qurumları ilə yerli erməni əhalisi arasında həyata keçirilən birbaşa təmasların qarşılıqlı anlaşmanın mümkün, həmçinin faydalı olduğunu açığa çıxardığı qeyd edilir.
Məqalələrdə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz tikinti və məskunlaşmanın beynəlxalq humanitar hüququn pozulması və müharibə cinayəti olduğu bildirilərək, Ermənistan hökumətinin vaxtilə Laçın rayonunda qeyri-qanuni şəkildə yerləşdirilmiş ermənilərin bu ərazini tərk etdikdə törətdikləri vandallıqlar təəssüflə qeyd edilir.
İşğaldan azad olunmuş ərazilərdə erməni tərəfinin yerləşdirdiyi minaların məcburi köçkünə çevrilmiş insanların öz yurdlarına qayıtmasına başlıca maneə olmaqla yanaşı, münaqişədən sonra yenidənqurma və reabilitasiya planlarının həyata keçirilməsinə əngəl törətdiyi bildirilir. Yazılarda bölgədə qısa zamanda davamlı sülhün və sabitliyin təmin edilməsi məqsədilə beynəlxalq ictimaiyyətə Azərbaycanın minalanmış ərazilərinin təmizlənməsində dəstəyin səfərbər olunması çağırışı edilir.