Prezident İlham Əliyev: Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına xüsusi önəm verir
Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına məktubunda yer alıb.
Dövlətimizin başçısı bildirib ki, ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. “Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır”, - deyə Prezident qeyd edib.