Asiya İnkişaf Bankının vitse-prezidenti Naxçıvanla tanış olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində Bankın Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə tanış olub.

Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və nümayəndə heyəti əvvəlcə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, kompleks 2014-cü ildə istifadəyə verilib. Nanofiltrli membrantipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində mühüm rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur.

Sonra qonaqlar Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, çirkab suların təmizlənməsi üçün Araz çayının kənarında tikilən bu kompleks 2018-ci ildə istismara verilib. Kompleksdə təmizləmə prosesi 3 mərhələdə - fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Burada su 0,03 mikrona qədər təmizlənir və ozon vurularaq tutumu 1800 kubmetr olan suvarma hovuzuna ötürülür. Membrandan çıxan təmiz su suvarma mövsümündə öz axını ilə 170 hektar sahəni, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etməyə imkan verir.

Gəzintinin davamında qonaqlar “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı Layihəsi” çərçivəsində təklif olunan suvarma layihəsinin seçilmiş obyektləri ilə tanışlıq olublar. Bu məqsədlə heyət Qaraçuq magistral beton kanalı və Əlincə çayından qidalanacaq Bənəniyar su anbarına sugətirici beton kanalına baxış keçirib.

“Əlincəqala” Tarix-Mədəniyyət muzeyində olan xarici nümayəndələrə məlumat verilib ki, qala Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Sonra qonaqlar muxtar respublikanın dəmiryol infrastrukturu barədə məlumat alıblar. 

Səfərin davamında qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində də olublar.

Asiya İnkişaf Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Möminə Xatın türbəsini də ziyarət edib. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı və Türk-İslam mədəniyyətinin incilərindən olan abidə ilə tanışlıq  qonaqlarda xoş təəssürat yaradıb.

Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen Naxçıvan televiziyasına müsahibə verib: "Mənim Azərbaycana və Naxçıvana ilk gəlişimdir. Çox maraqlı idi. Doğrundan da, böyük təəssürat bağışladı. İlk növbədə insanların qonaqpərvərliyi, təbiətin gözəlliyi, iqtisadi inkişaf və onun perspektivləri. Mən gördüm ki, burada doğrudan da böyük inkişaf imkanları var. Son onillikdə çox böyük müsbət dəyişikliklər görülür, infrastruktur inkişaf etdirilib, yollar, elektrik və qaz təchizatı, yeni texnologiyalar gətirilib. Hər bir kənddə internet şəbəkəsindən istifadə etmək olar. Bu, əlbəttə ki, iqtisadi inkişaf üçün çox  önəmli amillərdir. İnsanların güzəranını, dolanışığını artıran, yaxşılaşdıran faktorlardır. Naxçıvanın tanış olduğum bu reallıqlarını yüksək qiymətləndirirəm. Bu gün səhər biz Naxçıvan şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğular kompleksinə, eyni zamanda çirkab suların təmizləmə qurğusuna baş çəkdik. Bu layihələr Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilib. Mən bu layihələri çox təqdir edirəm. Çox dəyərli layihələrdir. Çünki bu layihələr əhalini içməli su ilə təmin edir. Asiya İnkişaf Bankının reallaşdırmağı planlaşdırdığı daha bir layihəsi də var ki, suvarma sistemlərinin yaradılmasını əhatə edəcək. Biz o potensial layihənin həyata keçiriləcəyi yerlərə səfər etdik və yerlərdəki vəziyyətlə tanış olduq. Kənd təsərrüfatının inkişafı üçün yeni kanallar tikilsə, köhnə kanallar bərpa olunsa və beləliklə suvarma suyunun həcmi artsa, bu, kənd təsərrüfatında məhsuldarlığı xeyli artıracaq. Naxçıvan Muxtar Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində bu layihələri icra edəcəyik. Suvarma, drenaj və meliorasiya fəaliyyətinin nəzərdə tutulduğu layihədə sudan istifadənin səmərəliliyi artırılacaq. Bunlar hamısı çox faydalı işlərdir. Biz eyni zamanda mütəxəssis hazırlığına da investisiya yönləndirməliyik. Bu sahədə potensialın artırılması, təlimlərin təşkili kimi tədbirlər də gələcək inkişafın bünövrəsini təmin edən çox önəmli amillərdir. Biz bu imkanları da dəyərləndirəcəyik".

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: