Norveçdəki azərbaycanlı diaspor fəalı ölkəmizə qarşı irəli sürülən saxta ittihamlara cavab verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Norveçin “document.no” saytında Hans Raustad tərəfindən dərc edilmiş məqaləyə cavab olaraq, Norveçdəki "Can" diaspor təşkilatının sədri Şervin Nəjəfpur cavab məqaləsi ilə çıxış edib.
Mətndə bildirilir ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır və erməni kilsəsi Bakıda qorunub saxlanır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, baş vermiş münaqişəyə baxmayaraq, ölkədə yaşayan ermənilərin hər bir Azərbaycan vətəndaşı ilə eyni hüquqlardan istifadə edir.
2001-ci ildə Müqəddəs Qriqori Erməni kilsəsinin Azərbaycan hökuməti tərəfindən milli əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına salındığı da diqqətə çatdırılaraq deyilir: “Azərbaycanda yüksək tolerantlıq hökm sürür və bütün dini abidələr heç bir ayrı-seçkiliyə yol verilmədən dövlət tərəfindən qorunur. Bunun tam əksi olaraq, ermənilərin 30 ilə yaxın işğal altında olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində bütün tarixi və mədəniyyət abidələri, o cümlədən 60 məscidi və alban kilsəsi talan edilib".
İki ölkə arasında baş vermiş münaqişənin çoxları tərəfindən dinlərarası toqquşma kimi qələməvermə cəhdlərini də təəssüf hissi ilə qeyd edən diaspor fəalı Ermənistandan fərqli olaraq, Azərbaycanın həmişə bütün dinlərə və mədəniyyətlərə qarşı tolerantlıq nümayiş etdirdiyini diqqətə çatdırıb.
Hans Raustadın Qarabağda minillik kilsələrin və monastırların vandalizmə məruz qalması ittihamlarına da toxunan Şervin Nəjəfpur bu sözlərin baş verən hadisələrin təhrif etmə cəhətlərindən biri olduğunu bildirib. “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin tarixi, mədəniyyət və dini abidələri ölkə hökumətinin müharibədən zərər çəkmiş bölgədə başlatdığı əsaslı bərpa və yenidənqurma kampaniyası çərçivəsində bərpa edilir. Bu il Şuşaya səfər edəndə Şuşada Qazançı kilsəsinin bərpasının şəxsən şahidi oldum. Bu, Azərbaycan dövlətinin təkcə öz mədəni irsinə deyil, bütövlükdə xristian irsinə olan qayğısını nümayiş etdirir”, - deyə məqalədə qeyd edilir.