Mili Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun payız sessiyası çərçivəsində daimi komitənin iclasında çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb.
NUHÇIXAN xəbər verir ki, Azay Quliyev münaqişənin başlamasından əsrin dörddə biri qədər vaxt keçsə də, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmadığını təəssüflə bildirib. Əlavə edib ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini, BMT Baş Assambleyasının qərarlarını, ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki Bəyannaməsini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.
A.Quliyev ATƏT PA-nın prezidenti Georgi Tseretelinin münaqişə tərəfi olan ölkələrin parlament rəhbərlərinin görüşünün keçirilməsi ilə bağlı təklifinə münasibət bildirərək deyib ki, yaxın zamanda Azərbaycan Milli Məclisinin bu məsələyə dair rəsmi mövqeyini öyrənərək onlara məlumat verəcək: “Fikrimcə, biz Ermənistan və Azərbaycanın parlamentlərinin rəhbərlərinin görüşü də daxil olmaqla, münaqişənin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə etməliyik. Bu, danışıqlar prosesinə müəyyən impuls verə və mövcud status-kvonu dəyişməyə yardım edə bilər”.
Azay Quliyev Assambleya üzvlərinin diqqətini münaqişə ilə bağlı aydınlaşdırılmasına ehtiyac olan digər bir aspektə də çəkib: “Bəziləri münaqişəni səhvən “Dağlıq Qarabağ münaqişəsi” adlandırırlar. Bu, doğru deyil. Azərbaycanın Dağlıq Qarabağdan başqa işğal altında Dağlıq Qarabağın ərazisindən 3 dəfə, əhalisindən isə 6 dəfə çox olan 7 ətraf rayonu da var: Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Bu 7 ətraf rayonun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur və biz şahidik ki, Ermənistan işğal etdiyi bu ərazilərdən siyasi manipulyasiya və bazarlıq predmeti qismində istifadə edir”.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu bölgələrin statusu müzakirə mövzusu deyil. Ermənistan hərbi birləşmələrini bu torpaqlardan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir qondarma kompromis mövzusu ola bilməz.
Azay Quliyev çıxışında vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana məxsus olan Dağlıq Qarabağın və ətraf rayonların işğalını davam etdirərək və orada qeyri-qanuni və marionet rejim yaradaraq heç bir nəticə əldə edə bilməyəcəyini unutmamalıdır: “Bu cür addımlar heç nəyi dəyişmir və Ermənistana sülh və rifah gətirmir. Əksinə, bu, vəziyyəti daha da ağırlaşdırır və çoxlu sayda gəncin həyatına son qoyur”.