Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirilib - VİDEO
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan batareyası ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, minaatan batareyası “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra batareyanın şəxsi heyəti atəş mövqelərini tutaraq minaatan qurğularını tam döyüşə hazırolma vəziyyətinə gətiriblər.
Taktiki-xüsusi təlimin planı və bölmələrin fəaliyyəti barədə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Nifətliyevə məlumat verildikdən sonra təlimin döyüş atışlı mərhələsinə start verilib.
Minaatan batareyası təlimə cəlb edilmiş xüsusi təyinatlı dəstənin hücumu zamanı ön xətdə və dərinlikdəki şərti düşmənin dayaq məntəqələrini döyüş atışlarla ilə məhv ediblər.
Təlimin növbəti mərhələsində bölmələr müdafiəyə keçdikdə və müdafiə döyüşünü aparan zaman minatan batareyası yerdəyişmə edərək hazırlıqsız mövqelərdən praktiki atışları icra edib.
Hücum və müdafiə döyüşü zamanı bölmələr arasında uzlaşmış fəaliyyətə nail olmaq, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və şəxsi heyətin fiziki dözümlülüyünün artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Kənan Cəlilov