Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət edən YAP: yeni mərhələ, yeni hədəflər

A- A A+

Azərbaycanda çoxpartiyalı sistemin yaradılması müstəqilliyimizin yenidən bərpası ilə eyni dövrə təsadüf edir. Erməni qəsbkarlarının əsassız iddialarına, Ermənistanın ölkəmizə hərbi müdaxiləsinə qarşı SSRİ rəhbərliyinin susqunluğu sovetlər birliyinə, onun təkpartiyalı quruluşuna, köhnəlmiş ideoloji sisteminə inamı itirmişdi. Müstəqilliyini qazanan Azərbaycanın dünya düzəni ilə ayaqlaşması, milli-dövlətçilik maraqlarını lazımi səviyyədə qoruması üçün yeni idarəetmə metoduna, demokratik idarə üsuluna, bu çərçivədə də çoxpartiyalı sistemə ehtiyacı var idi. Məhz bu zərurətdən irəli gələrək, müstəqilliyimizin ilk illərində ölkəmizdə onlarla yeni siyasi təşkilatlar yarandı. Lakin əfsuslar olsun ki, demokratiyanın, azadlığın və çoxpartiyalı sistemin mahiyyətini düzgün qavramayan ozamankı liderlər əsas hədəfdən yayınaraq bir-biri ilə mübarizə aparmağı, vəzifə kürsüsü uğrunda savaşmağı özlərinə fəaliyyət növü seçdilər. Bundan məharətlə istifadə edən xarici qüvvələr, bəlli güc mərkəzləri isə öz maraqlarını Azərbaycanda təmin etmək üçün həmin siyasi təşkilatları, “demokratları” istiqamətləndirir, ölkə daxilində münaqişələr yaradırdı. Nəticə etibarilə ölkə daxilində xaos, anarxiya və özbaşınalıq hökm sürürdü. Bundan da digər xarici qüvvə - Ermənistan torpaqlarımızı işğal etməklə, əhalimizi soyqırımına və deportasiyaya məruz qoymaqla yararlanırdı.

Beləliklə, Azərbaycanda müstəqilliyimizin ilk illərində yaranan partiyalar nəinki ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan qurtara bilmir, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırırdılar. Azərbaycan vətəndaş müharibəsinə sürüklənir, müstəqilliyin gələcəkdə itirilməsi təhlükəsi yaranırdı. Belə bir məqamda xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyət uğrunda mübarizə üçün deyil, Azərbaycanın xilası naminə yaradıldı. Ölkəmizin siyasi səhnəsində yer alan, böyük uğurlara imza atan təşkilatın təməli məhz belə qoyuldu. 1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi.

Xatırladaq ki, "YAP-a xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir", - söyləyən ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvləri olduğundan YAP iqtidar partiyasına çevrildi, ona olan ümumxalq inamı bir daha təsdiq edildi. 2003-cü il dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatından təxminən iki il sonra, 2005-ci ilin mart ayının 26-da YAP-ın III Qurultayı keçirildi və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə YAP-ın Sədri seçildi. 2021-ci il mart ayının 5-də keçirilən VII Qurultayda isə YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, Partiya Sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini, partiya sədrinin müavini, həmçinin Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçildi. Bununla da YAP-ın fəaliyyətində yeni mərhələyə start verildi, təşkilat qarşısında yeni hədəflər müəyyənləşdirildi. 2022-ci il yanvarın 28-də isə səsvermə yolu ilə YAP-ın 64 yerli təşkilatına yeni sədrlər təyin olundu.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev partiyanın VII qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirərək vurğulayır ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. O, YAP-ın böyük ənənələrinin olduğunu dilə gətirərək qeyd edir ki, partiya yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alınaraq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir: “Həyat dəyişir, zəmanə dəyişir. Biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, 2021-ci il noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun Sədrliyi ilə muxtar respublikada da təşkilatın VI konfransı keçirilib. Konfransda çıxış edən Ali Məclisin Sədri ötən dövrə nəzər salaraq deyib ki, YAP Azərbaycan xalqının milli iradəsini əks etdirən dünənin, bu günün və gələcəyin partiyasıdır, ölkəmiz YAP-ın proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olub: “Azərbaycanda sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib, quruculuq işlərinin həcmi artıb, əhalinin rifahı yüksəlib. Dahi şəxsiyyətin rəhbərliyi ilə YAP Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurub, ölkə Prezidenti tərəfindən isə bu yol davam etdirilərək inkişaf və tərəqqiyə, sabitliyə və yüksək rifaha nail olunub, torpaqlarımız işğaldan azad edilib. Müdriklər deyirlər ki, sağlam ideologiya ordulardan daha qüdrətlidir. Böyük mübarizə yolu keçən YAP-ın gücü də sağlam ideologiya və prinsiplərə əsaslanmasındadır. Artıq bu bir həqiqətdir ki, YAP-ın keçdiyi yol, əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir”.

YAP-ın ötən il mart ayında keçirilən VII Qurultayından və Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransından sonra partiyanın muxtar respublika təşkilatının fəaliyyətində yeni dövr başlayıb. Təşkilat öz işini bundan sonra da ümummilli liderimiz Heydər Əliyev tərəfindən partiyanın proqramında irəli sürülmüş və ölkə Prezidentinin YAP-ın VII qurultayında müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurub. YAP Naxçıvan Muxtar Respublika Təşkilatı partiya-təşkilat işini daha da gücləndirib, partiya orqanlarının və yerli təşkilatların fəaliyyəti yeni tələblərə uyğunlaşdırılıb. Ümummilli liderimizin “Azərbaycanda dövlətin qarşısında duran vəzifələr Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir” fikri əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Partiya üzvləri muxtar respublikadakı ictimai-siyasi proseslərdə və həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak edirlər. Bununla yanaşı, gənclərlə iş və onların sağlam vətəndaş kimi formalaşması, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsi daim diqqətdə saxlanılır, bu istiqamətdə sistemli və nəticəli tədbirlər həyata keçirilir. Hər bir üzv öz fəaliyyətində partiyanın prinsiplərini əsas götürərək, onun nüfuzunu qoruyur, azərbaycançılıq ideyalarını təbliğ edir, ictimai-siyasi məsələlərdə aktivlik göstərir, fəal vətəndaş mövqeyi tutaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yaşadılması işində yaxından iştirak edir.

Sonda bir daha vurğulayaq ki, YAP yarandığı ilk gündən öz qarşısında ölkənin gələcəyi ilə bağlı vəzifələri müəyyənləşdirdi. Bu vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi, ordu quruculuğu, iqtisadi tərəqqi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Təsis olunduqdan cəmi 7 ay sonra hakimiyyətə gələn YAP bu vəzifələrin həyata keçməsi üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bütün gücünü səfərbər etdi. Zaman-zaman, mərhələ-mərhələ qarşıya qoyulan hədəflərə çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək Şuşada Azərbaycan bayrağını dalğalandırması, yüksək sərkərdəlik qabiliyyəti ilə torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü təmin etməsi YAP-ın öz vəzifələrinin öhdəsindən layiqincə gəlməsinə nümunədir. Xalqın dəstəyindən, həmrəyliyindən güc alan YAP öz qarşısında yeni vəzifələr qoymaqla, özünə yeni hədəflər müəyyənləşdirməklə Azərbaycanın gücünü, beynəlxalq nüfuzunu daha da artıracağı şübhəsizdir. Çünki YAP-ın məramnaməsi müstəqil Azərbaycan dövlətinin milli ideologiyasıdır. Ulu öndər Heydər Əliyevin yolu dünən və bu gün olduğu kimi, gələcəkdə də dövlətçiliyimizin və müstəqilliyimizin təminatıdır.

Hafizə Əliyeva

”Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı

Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: