Milli Məclisin deputatı AŞPA-nın sessiyasında Türkiyə ilə bağlı hesabatdakı qərəzli fikirlərə cavab verib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AŞPA-nın payız sessiyasının ilk günü Assambleyada “Türkiyədə keçirilən seçkilər” mövzusunda müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın Azad Demokratlar Qrupu adından çıxış edib və Türkiyə əleyhinə yalanlara arqumentlərlə cavab verib.
Milli Məclisin deputatı bildirib ki, Türkiyədə seçkilərin müşahidəsi bir çox beynəlxalq təşkilatlar tərəfindən aparılıb və bu, uzun illərə söykənən əməkdaşlığa əsaslanır. AŞPA-nın, ATƏT-in və digər beynəlxalq təşkilatların, parlamentlərin çoxsaylı müşahidəçiləri 24 iyun seçkilərini müşahidə etməyə dəvət olunubdur. Türkiyə rəsmiləri Seçkiləri Beynəlxalq Müşahidə Missiyası ilə tam əməkdaşlığını bütün ölkəboyu genişləndirib.
Qənirə Paşayeva müzakirəyə çıxarılan hesabatla bağlı deyib: “Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin gəlişini azaltmaq məqsədi daşıyırdı. Bu faktın qeyd olunduğu hesabatda nəzərə alınmayıb ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi seçicilərin azad seçim etmək hüququna mane olan PKK-KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəlmişdi. Ağrı-Doğubeyazıtda səsvermədən sonra müşahidəçilərin bir seçki qutusunu məhv etmələri PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir.
Azərbaycan nümayəndə heyətinin üzvü, həmçinin media sahiblərinin siyasi mənsubiyyətinin nəticəsi olaraq media müxtəlifliyi üzərində məhdudiyyətlərlə bağlı verilən bəyanatlarla bağlı narahatlığını da qeyd edib. O, Türkiyədə 1700-dən çox KİV-in olduğunu, ifadə azadlığı, informasiya almaq və vermək hüququnun Konstitusiya ilə təmin olunduğunu diqqətə çatdırıb. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun Ali Məhkəmənin plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan olduğunu və nəzarət fəaliyyətini həyata keçirdiyini vurğulayıb.
Millət vəkili fövqəladə vəziyyətlə bağlı bildirib ki, bu, terrorla mübarizədə Türkiyənin legitim tələbidir və plüralist, həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilib. 2017-ci ildə Fransada keçirilən seçkilər faktiki olaraq bunun bir nümunəsidir.
“Bütün bunları nəzərə alaraq Azad Demokratlar Qrupunun üzvləri inanır və bəyan edir ki, Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçirilib. Eyni zamanda, Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və onun bu addımlarını dəstəkləyirik”, - deyə Qənirə Paşayeva təmsil etdiyi Azad Demokratlar Qrupunun adından bildirib.