Türkiyə mediası: Prezident Əliyev Gürcüstan-Azərbaycan-Ermənistan üçtərəfli məsləhətləşmə formatı təklif edib - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Qardaş ölkə mediası dövlətimizin başçısının qonşu ölkəyə səfərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT AVAZ” və başqa telekanallar, “Sabah”, “Yeni akıt”, “Milliyet”, “Hürriyet” və digər qəzetlər, həmçinin ölkənin aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasındakı səmimi görüşə, dövlətmizin başçısına göstərilən ali qonaqpərvərliyə dair videomaterial və fotolar yayıblar.
Liderlərin mətbuata bəyanatlarında Prezident İlham Əliyevin ifadə etdiyi “Bu gün eyni zamanda söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq” fikirlərinə xüsusi diqqət çəkən Türkiyə mediası yazır ki, Azərbaycan regiona sülh, sabitlik və inkişaf modeli gətirməkdə qətiyyətlidir.