Soçi görüşünün nəticələri olduqca rəmzi xarakter daşıyır. İmzalanmış yekun sənədin ətraflı təhlili göstərir ki, birincisi, “Qarabağ” sözü heç yerdə istifadə edilmir. Üstəlik, müvafiq qətnamələrə istinadla Azərbaycanın ərazi bütövlüyü tanınır. Görüşün yekun bəyanatını Ermənistanın Baş naziri Nikol Paşinyan da imzalayıb. Beləliklə, Qarabağ və orada yaşayan erməni əhalinin bütün problemləri Azərbaycanın daxili işidir və Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinin necə, hansı ardıcıllıqla, hansı mərhələlərlə ölkənin hüquqi məkanına inteqrasiya edəcəyini məhz Bakı müəyyən edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“Bu, çox vacibdir və şübhəsiz ki, bu, Azərbaycan diplomatiyası və şəxsən Prezident İlham Əliyevin qələbəsidir. Həmçinin sammitin yekun Bəyanatında tezliklə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının zəruriliyi qeyd edilir. Əlbəttə, belə saziş Azərbaycanın Prezidenti tərəfindən ifadə edilmiş və irəli sürülmüş 5 prinsip əsasında imzalana bilər. Bu prinsiplər beynəlxalq hüququn normalarına, BMT Nizamnaməsinə tam cavab verir və şübhəsiz ki, əsas kimi götürülməlidir”, - deyə ekspert vurğulayıb.
İ.Korotçenkonun fikrincə, sülh müqaviləsinə çıxış üçün əsas istiqamət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktının hüquqi rəsmiləşdirilməsinin təmin edilməsidir. Buna görə də Qarabağdakı separatçıların heç bir statusundan söhbət gedə bilməz. Biz təxmin edirik ki, sülh müqaviləsinin bağlanması üçün lazım olan bütün tədbirlər ilin sonuna qədər görülə bilər.