Meksika mətbuatında erməni təxribatları barədə xəbərlər davam edir

A- A A+

Meksikanın ən çox oxunan və nüfuzlu KİV-i olan “Reforma” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsahibədə, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini Ermənistan işğalından azad etdiyi, habelə 2020-ci ilin noyabr ayında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistanın öz cinayətkar əməllərini davam etdirdiyi və cari ilin sentyabr ayının 12-si gecə saatlarında Ermənistanın silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutduğu, həmçinin həmin mövqelərin arasındakı əraziləri minaladığı barədə məlumat verilib.

Ermənistan tərəfindən törədilən təxribatın qarşısının alınması məqsədilə, Azərbaycan Ordusu tərəfindən cavab tədbirlərinin görüldüyünü bildirən səfir, bu təxribatın qarşısının alınması zamanı 70-dən çox hərbçimizin şəhid olduğunu qeyd edib.

Məqalədə həmçinin 2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi qeyd olunub, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və həmin əraziləri minalamağa davam etdiyi bildirilib. Ermənistanla münasibətlərin normallaşdırılması, həmçinin nəqliyyat dəhlizinin qurulması üçün Azərbaycan tərəfindən müvafiq addımların atıldığı, lakin Ermənistanın müxtəlif bəhanələrlə bu prosesi gecikdirdiyi qeyd olunub.

Səfir həmçinin Azərbaycanın hazırda Avropa üçün çox vacib tərəfdaş olduğunu, bu xüsusda qısa zaman öncə Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

Müsahibədə keçmiş münaqişə zamanı Meksikanın daima beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi qeyd olunub və Meksikanın bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqe və həmrəyliyin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: