Avropa İttifaqı nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri davam edir - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdədir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün Naxçıvan Biznes Mərkəzində görüş keçirən nümayəndə heyəti səfər çərçivəsində Naxçıvanın sənaye və enerji potensialı, istehsal imkanları və gəzməli görməli yerləri ilə tanış olurlar. 

Ötən gün Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə muxtar respublikanın sosial-iqtisadi inkişafı barədə məlumat verən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev görüşün muxtar respublika ilə Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 

Azərbaycanda Avropa İttifaqının daimi nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxış edərək Avropa İttifaqı üçün Azərbaycanın xüsusi ticarət tərəfdaş və güclü bazar olduğunu bildirib, Naxçıvanda istehsal olunan məhsulların ixrac imkanlarını daha da genişləndirməyi əsas hədəf kimi müəyyənləşdirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək muxtar respublikanın enerji resursları, alternativ enerji mənbələrindən istifadə ilə bağlı məlumat verib, görüşün Avropa İttifaqı ölkələrinin elektroenergetika sahəsində aparıcı şirkətləri ilə əməkdaşlığa geniş imkanlar açdığını vurğulayıb.

Görüşdə həmçinin Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının qurulması sahəsində fəaliyyət göstərən “Pure Enerji Development” şirkətinin icraçı direktoru Mişel Kalerami, Avropa Yenidənqurma və İnkişaf Bankının enerji layihələri üzrə meneceri Fuad İbrahimov və Azərbaycanda Avropa İttifaqı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boşkov çıxış ediblər.

Səfər çərçivəsində qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın müasir istehsal və xidmət sahələri ilə tanış olublar. Avropalı diplomatlar yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıblar.

Sonra Naxçıvan Günəş Elektrik Stansiyasında olan qonaqlara məlumat verilib ki, Babək rayonu ərazisində 20 meqavatt güclü Naxçıvan Günəş Elektrik Stansiyasının tikintisi Belçika Krallığının “Soltech” şirkəti ilə bağlanmış müqaviləyə əsasən aparılıb. İstismarda olan 20 MVt gücündə Günəş Elektrik Stansiyasının layihə gücü 2017-ci ildə 2 MVt artırılaraq 22 MVt-a çatdırılıb.

Qeyd edilib ki, muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Muxtar respublika ərazisində günəşli saatların orta illik miqdarının 2600-2800 saat təşkil etməsi Günəş Elektrik Stansiyasının Naxçıvanın enerji təhlükəsizliyinə mühüm bir töhfə olacağına zəmanət verir. Bütün bunlar nəzərə alınmaqla, Şərur, Kəngərli və Culfa rayonunda da Günəş Elektrik Stansiyaları tikilib istifadəyə verilib.

Sonra avropalı qonaqlar "Gəmiqaya Şərab Məhsulları" MMC-də olublar. Naxçıvanda istehsal olunan müxtəlif içkilərin xüsusi diqqətini cəlb etdiyi qonaqlar buradakı şərab növləri ilə yaxından maraqlanıb, onların dadına baxıblar.

“Badamlı” Mineral Sular Zavodunda olan heyətə məlumat verilib ki, 1947-ci ildən istehsal olunan “Badamlı” Naxçıvanın ən böyük ixrac brendlərindən biridir. Zavodda su ehtiyatından 100 faiz istifadə olunur. İllik istehsal gücü 150 milyon şərti butulka olan zavodda 21 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız, eləcə də premium su istehsal edilir. Hazırda bu məhsullar Avropanın bir çox ölkəsinə ixrac edilir.

Qeyd edək ki, Avropa İttifaqı nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri davam edir.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: