İtaliya saytları Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakından yazıb

A- A A+

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakına geniş diqqət ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Aska News”, “Notizie Yahoo”, “Kmetro0”, “Agenzia Nova”, “Campania Press”, “Insideover”, “Ragionieri&Previdenza” kimi xəbər portallarında dərc edilən yazılarda Prezident İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etdiyi və öz çıxışında mühüm məsələlərə toxunduğu qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyev öz çıxışında Əlcəzair şəhidlərinin xatirəsini yad edib, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya ictimaiyyətinin heç zaman unutmamalı olduğunu deyib. Azərbaycan Prezidentinin Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını və bu müharibənin 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələndiyini qeyd etdiyi bildirilib. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Yazılarda Prezident İlham Əliyevin Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, torpaqlarımızın otuz il Ermənistanın işğalı altında qaldığını qeyd etdiyi, iki il əvvəl ölkəmizin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən işğala son qoyduğunu vurğuladığı bildirilib. İşğal zamanı bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı qeyd olunub.

Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərdə şəhər və kəndlərin bərpa edildiyini, “Böyük Qayıdış” adlanan proqramın icrasına başlandığını bildirdiyi qeyd olunub. Prezident İlham Əliyevin işğal zamanı bu ərazilərə bir milyondan çox mina basdıran Ermənistan ilə Əlcəzairdə işğalı zamanı 5 milyondan çox mina basdıran Fransanın analoji siyasət apardığını vurğuladığı qeyd olunub. 2020-ci ilin noyabrında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlının həlak olduğu, yaxud ciddi yaralandığı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: