Azərbaycan Respublikasının Milli Məclisi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bəyanat parlamentin noyabrın 5-də keçirilən iclasında qəbul olunub.
Bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tariximizin möhtəşəm hadisələrindən biridir. Şanlı Zəfərimizlə Azərbaycanın tarixində yeni mərhələ başlayıb.
Qeyd olunub ki, böyük Zəfərə gedən yol Azərbaycan xalqına böyük itkilər və qurbanlar hesabına başa gəlib. İşğal dövründə 1 milyondan çox vətəndaşımız evlərindən didərgin salınıb, minlərlə insan erməni təcavüzünün qurbanı olub. Qurbanların sayı müharibə dövründən sonra da artmaqda davam edir.
Bəyanatda Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük tikinti, bərpa-quruculuq işləri aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Milli Məclis Ermənistanı regionda sülh üçün yaranan mövcud imkanlardan istifadə etməyə çağırır. Azərbaycan dövləti onun üçün hər hansı təhlükə və ərazi bütövlüyünə təhdid olduğu təqdirdə cavab tədbirlərini görəcəkdir.
Bəyanatın mətnini Milli Məclisin deputatı Ramil Həsən səsləndirib.