Milli Məclis “Təhsil haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 5-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən “Təhsil haqqında” qanuna 29.0.10-1-ci, 29.0.10-2-ci və 32.3.18-4-cü maddələr əlavə edilir.
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar müəyyən edilir (29.0.10-1.).
Həmçinin orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar da müəyyən edilir (29.0.10-2).
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada bir təhsil müəssisəsindən digərinə köçürülmək, təhsil müəssisəsindən xaric və ya müəssisəyə bərpa olunmaq və akademik məzuniyyət götürülməsi (32.3.18-4.) müəyyənləşdirilir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.