Vətənpərvərlik xalqın qan yaddaşına bağlılığı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz Vətənə olan sonsuz və sarsılmaz sevgi hissi idi. Bu bağlılığın təcəssümü idi ki, II Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.
Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Ali Baş Komandan Ermənistana xəbərdarlıq göndərmişdi. Amma düşmən yenə dinc durmadı, 12 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində növbəti təxribat törətdi. Hər iki hərbi əməliyyat zamanı öz yurd-yuvasını qorumaq üçün sinəsini sipər edən igid oğullarımız yağıya layiqli cavab verdi. Buna rəğmən zaman keçdikcə artan can itkiləri, siyasi və sosial sferada düşmənin sərsəm bəyanatları, açıqlamaları, təxribat səbr kasamızı daşırmışdı. Azərbaycanın sülh məramı bəlli olsa da, artıq müharibə qaçılmaz idi, çünki düşmən bizə başqa yol buraxmamışdı. Növbəti hərbi müdaxilənin cavabı daha ağır olacaqdı. Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan öz suveren hüquqlarına uyğun olaraq Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında genişmiqyaslı əks-hücuma əməliyyatlara başladı. Beləliklə haqq savaşımızın ən ağır sınağı – Vətən müharibəsi başladı. Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalqımız əzm, iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən bu müddət ərzində təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə aldı, müharibə cinayətləri törətdi.
Vətən müharibəsi günlərində xalqımıza xas olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin təcəssümü faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydu. Arxa cəbhədə olanlar həmrəylik göstərərək ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını əməli şəkildə nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları, xalqın birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir, danılmazdır.
Ölkəmizin Qarabağda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha qədər müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmamış, ümummilli əhəmiyyət kəsb etməmişdir.
Bu böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibi Ali Baş Komandan, Prezident İlham Əliyevdir! Müzəffər Azərbaycan Ordusudur! Azərbaycan əsgəri və Azərbaycan xalqıdır!
Möhtəşəm qələbəmizin qazanılmasında ölkə başçısının da qeyd etdiyi kimi, müstəqillik dövründə doğulub böyümüş gənclər böyük şücaət göstərdilər. Azərbaycan hərbçiləri dünya hərb tarixində analoqu olmayan döyüş əməliyyatları icra edərək çətin relyefli ərzailərdə uğurlu həmlələrlə düşməni darmadağın etdilər. Bu Azərbaycan gəncliyində olan sonsuz Vətən sevgisi, yurd həsrəti, toprağa bağlılıq hisslərinin təcəssümü idi. Uğurlu döyüş əməliyyatlarının icrası və qələbənin qazanılmasında yaxından iştirak edən muxtar respublika gəncləri də böyük qəhrəmanlıqlar göstərdilər.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan edib, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını diqqətə çatdırıbdır. Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaradıb və Silahlı Qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atıbdır.
Prezident İlham Əliyevin ordunun və müdafiə sənayəsinin gücləndirilməsi yönündə həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət böyük qələbəyə aparan yolun ən mühüm istiqaməti oldu. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit ordusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırıbdır. Dövlət başçımızın fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu qurumun fəaliyyətinin təşkil edilməsi də möhtəşəm zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardan biridir.
Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması, dünyada etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuş və inkişaf etdirilmiş əlaqələrə nail olması və bu kimi mühüm addımlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Xülasə, ölkə başçısının uğurlu xarici siyasət və diplomatiyası nəticəsində beynəlxalq təşkilatlar və region dövlətlərinin ölkəmizə böyük etimadı müharibə dövründə lehimizə çevrilən əsas faktorlarından biri olub. Beynəlxalq münasibətlərdə illər uzunu birtərəfli qaydada seçilmiş hər hansı ölkələr qrupu ilə deyil, Şərqdə də, Qərb müstəvisində də, demək olar ki, bütün ölkələrlə sağlam əlaqələr yaradan Azərbaycan qazandığı yüksək etimadla Vətən müharibəsində dövlətimizin haqlı mövqeyinin düzgün qavranılmasını və dəstəklənməsini şərtləndirdi. Təməli böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Bir millət - iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindən idi. Dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat verib. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı oldu. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox Azərbaycan xalqı Vətən müharibəsində birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəklədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən Ali Baş Komandanımız başda olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində formalaşdırdığı “güclü erməni ordusu” mifini də darmadağın edərək, böyük zəfərə imza atdı.
Ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd azad edildi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Böyük Qələbənin ilk müjdəsi ölkə başçısının noyabrın 8-də Qarabağın ürəyi, incisi, mədəniyyət beşiyi kimi tanınan Şuşa şəhərinin işğaldan azad olunması xəbəri ilə xalqa bəyan edildi.
Prezident İlham Əliyevin böyük siyasi iradə və qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” frazası 44 günlük Vətən müharibəsinin devizinə çevrildi. Rəşadətli ordumuz hər qarış torpağımızı düşmən tapdağından təmizləyərkən hər bir qələbəni məhz bu şüarla tamamladı. Bu müharibə dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. “Dəmir Yumruq” adını alan İkinci Qarabağ müharibəsi 200 ildən çox bir müddət ərzində yığılıb qalan ağrı-acılarımıza son qoydu. Zaman-zaman bağrımızdan qoparılan Göyçə, Zəngəzur, İrəvan azmış kimi ruhumuzun qidası-Qarabağımızı bizdən qoparmaq istəyən mənfur qüvvələrə cavab vermə zamanı gəldi. Azərbaycan öz gücünü göstərdi. Yurdumuza uzanan düşmən əllərini kəsdi.
Dünyanın ən müasir ordularından birinə sahib olan Azərbaycanın qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistan yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədi. Erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Müharibə bitdikdən sonra hətta erməni hərbçiləri də mülki əhaliyə qarşı qadağan olunmuş, kütləvi tələfata səbəb ola biləcək silahlardan istifadə etdiklərini etiraf etdilər.
Biz bu möhtəşəm qələbəyə igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olduq. Bu gün Vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımızın xidmətləri dövlətimiz tərəfindən lazımi səviyyədə dəyərləndirir. Onların Vətən uğrundakı fəaliyyəti fəxri adlar, orden-medallarla qiymətləndirilir, xatirələri əbədiləşdirilir. Aidiyyəti qurumlar və təşkilatlar müharibə iştirakçıları, şəhid ailələri və qazilərin sosial təminatına dövlət dəstəyinin göstərilməsini həyata keçirir və bu proses davamlı xarakter daşıyır. Bununla yanaşı, hər bir vətəndaşımız, hər bir soydaşımız hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə bacardıqları qədər arxa-dayaq olmağa çalışırlar. Şanlı tarix yazan bu qəhrəmanlarımız böyüyən yeni nəslin vətənpərvərlik ruhunda sosiallaşma prosesində böyük rol oynayacaqlar.
Qəhrəman oğullarımızın keçdiyi döyüş yolu bu gün daha dərindən öyrənilməli, yeniyetmə və gənclərə təbliğ olunmalıdır. Qonşuluğumuzda mənfur Ermənistanın olması daim sərvaxt və əlimizin tətikdə olmasını labüd edir. Mənfurların bundan sonra da bizə qarşı təxribatlarının, torpaq iddialarının olacağı istisna deyil. Daim hazır olmalıyıq. Gənclərimizi vətənpərvər ruhda tərbiyə etməliyik. Bu məqsədlə möhtəşəm Zəfərdən sonra Təşkilatımız aid qurumlarla birlikdə könüllü gənclərin iştirakı ilə II Qarabağ şəhidləri, qəhrəman oğullarımızla bağlı bir sıra layihələri həyata keçirir. İgid şəhidlərimizin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə təbliğinə, onların qəhrəmanlığı haqqında məlumatların yayılmasına çalışırıq.
Ölkəmizdə müharibədən dərhal sonra “Böyük Qayıdış” proqramının icrasına başlanılıb, nəzərdə tutulan hədəflərə çatmaq üçün kompleks tədbirlər həyata keçirilir, müasir texnologiyaların potensialından geniş istifadə edilməklə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri uğurla icra olunur. Qarabağın alternativ enerji mənbəyinə, “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində mühüm addımlar atılır. Artıq Zəngilanda yaradılan Ağalı kəndinə sakinlər də köçürülüb. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi xarici qonaqların və turistlərin də azad edilmiş ərazilərə, xüsusilə də Şuşaya daha asan gəlişini təmin edəcək. Dövlət başçısının tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. İnşa olunan yollar nəqliyyat infrastrukturunu inkişaf etdirməklə yanaşı, regionun tranzit əhəmiyyətinin artırılmasında da mühüm rol oynayacaq. Uzunluğu 101 kilometr təşkil edən, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Zəfər yolu Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Tikintisi aparılan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Müharibədən sonra bölgədə uzunmüddətli sülhün təmin edilməsi, regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olmasını əsaslandırılmış şəkildə dünyaya təqdim edən Azərbaycan barış və humanizm carçısı kimi rəğbətə layiq mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün tədbirlər müstəqil ölkəmizin daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Qazandığımız möhtəşəm zəfər xalqımızın çoxəsrlik tarixinin ən şərəfli dövrü kimi hələ uzun müddət xatirələrdə və səlnamələrdə yaşayacaqdır.
Mirməcid Seyidov
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini,
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan MR Təşkilatının sədri