Ermənilərin şovinist və revanşist dairələrinin aparıcı siyasi partiyası olan Daşnaksütyunun baş katibi Haqop Pakradunyan Livan parlamentinin son iclasında bu ölkənin Kavaşra qəsəbəsində Azərbaycanın qəhrəman şəhidlərinə abidə ucaldılması ilə bağlı qalmaqal yaradıb. Livanın qanunverici orqanındakı mənbələr daşnak başçısının bu çıxışından sonra halının pisləşdiyi barədə də xəbərlər yayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, daşnak Haqop Livan parlamentinin üzvləri Məhəmməd Süleyman və Əkkar bölgəsindən maronit xristianları təmsil edən Cimmi Cabburun Kavaşrada Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etməsini guya rəsmi Beyrutun, əslində isə burada yaşayan ermənilərin siyasətinə zidd addım adlandırıb.
Daşnak başçısının ən çox ikrah doğuran sözləri isə Azərbaycan Ordusunun guya erməni şəhər və qəsəbələrini viran qoyması barədə iddiaları olub. Livandakı səfirliyimiz daşnakların mərkəzi qərargahının yerləşdiyi Beyrutda erməni vəhşilikləri, Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər, Mingəçevirə raket hücumları və otuzillik işğal dövründə Azərbaycanın şəhər və kəndlərini dağıtması, Ağdamın “Qafqazın Xirosiması”na çevrilməsi faktlarını əks etdirəcək sərgi təşkil edəcək və sənədli film nümayiş etdirəcək. Bu, daşnak riyakarlığına ən yaxşı cavab olacaq.