Prezident İlham Əliyevin Səmərqənddə xaricdə yaşayan azərbaycanlılarla bağlı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə xaricdə yaşayan azərbaycanlılarla bağlı söylədiyi fikirlər, eləcə də keçirdiyi görüşlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gürcüstanın 24news.ge və aktual.ge, interpress.ge, gaxa.ge informasiya portalları və 1tv.ge ictimai televiziyası Azərbaycan Prezidentinin çıxışından müxtəlif sərlövhələrlə xəbərlər hazırlayaraq yayıblar.
Azərbaycan Prezidentinin nitqindən verilən xəbərlərdə deyilir: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğraması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”.
Materiallarda həmçinin deyilir: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır”.