Ermənistanda siyasi baxımdan vəziyyət hələ də kifayət qədər gərgin hesab edilir. Baş verənlər onu deməyə əsas verir ki, ölkə cəmiyyətində ciddi siyasi parçalanma var. Real durum onu göstərir ki, bu parçalanmanın tərəfləri sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, digəri isə baş nazir Nikol Paşinyandır. Hazırda Nikol Paşinyanın Ermənistan ictimaiyyəti və xalqı arasında nüfuzu böyükdür. Amma 20 il iqtidarda olan separatçı rejim güc strukturlarında, yerli icra orqanlarında öz adamlarını yerləşdirib. Üstəlik parlamentdə sabiq rəhbərliyin qurduğu Respublika Partiyası ən çox deputat mandatına sahibdir. Bu da öz növbəsində güc müstəvisində tərəflərin qarşıdurmasının daha kəskin xarakter almasına rəvac verir.
Ermənistan yenə xaosa yuvarlanır
İndi Paşinyan üçün əsas məqamlardan biri parlamenti öz nəzarətinə almaq, Respublika Partiyasını buradan sıxışdırmaqdır. Bunun üçün o, dekabr ayında növbədənkənar parlament seçkiləri keçirməyi düşünür. "France 24” telekanalına müsahibəsində bununla bağlı Paşinyan qeyd edib ki, seçkilərin həmin vaxt baş tutması üçün oktyabrın 16-da istefa verəcək:
"Təxmini deyə bilərəm ki, növbədənkənar parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Buna görə də mən oktyabrın 16-da istefaya getməliyəm”.
Belə vəziyyətdə Respublika Partiyası bəyan edib ki, Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan "Çiçəklənən Ermənistan” Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan Haqik Tsarukyanın partiyası Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyini, eləcə də başqa namizədi dəstəkləməyəcəyini öhdəsinə götürüb. Həmçinin vəd edib ki, "Tsarukyan” fraksiyası parlamentdə başqa partiyadan da namizədin irəli sürülməsi təşəbbüsünə qatılmayacaq. Daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiklərini bildiriblər. Daha bir maraqlı məqam isə odur ki, dünən Respublikaçılar fraksiyasından olan bir sıra deputatlar Paşinyanın yanında olduqlarını bəyan ediblər.
"Paşinyan dekabrda sürprizlə qarşılaşacaq”
Ekspertlər bildirir ki, əslində, Robert Koçaryan və Serj Sarkisyanın, eləcə də onlara bağlı qüvvələrin dekabrda Paşinyana sürpriz etməsi tamamilə gözləniləndir. Çünki Paşinyanın parlamenti və yenidən baş nazir vəzifəsini ələ alacağı təqdirdə Robert Koçaryan və Serj Sarkisyan kifayət qədər ağır duruma düşəcəklərini yaxşı bilirlər. Bu səbəbdən onların asanlıqla Paşinyana təslim olacağı inandırıcı sayılmır.
Bunu "Yekramas” saytı da xüsusi olaraq diqqətə çatdırır və bildirir ki, Ermənistan xaosa yuvarlanmaq ərəfəsindədir: "Hər hökuməti ilk 100 gününə görə mühakimə edirlər. Məhz bu dövr ərzində hakimiyyətə gələn qüvvənin öz proqramını nə dərəcədə icra etmək qabilliyyəti aydın olur. Hakimiyyətə gələrkən Nikol Paşinyan deyirdi ki, onun hədəfi hakimiyyətdəki oliqarxik klanlar əsasından formalaşan, qərarları hüquqi əsas üzərində yox, hakimiyyət institutlarına qeyri-qanuni təzyiqlər əsasında qəbul edən köhnə sistemi sındırmaqdır. Paşinyan və onun tərəfdarları deyirdilər ki, hədəfləri güclü demokratik institutlar qurmaqdır. Bəs bu gün biz nə müşahidə edirik?
Keçən 100 günü Nikol Paşinyan möhtəşəm mitinqlə qeyd etdi. Bu mitinqdə o bəyan etdi ki, bundan sonra küçə yenidən formalaşmanın qarantı olacaq. Bəs o zaman əgər hər şeyin qərarı meydanda veriləcəkdisə, hansı islahatlar və demokratik institutların formalaşmasından söhbət gedə bilər? Bu, sadəcə başlanğıcdır. Nikol Paşinyan üçün ilk imkan 2008-ci ilin 1 mart hadisələri haqqında cinayət işi oldu. Burada araşdırma bir yolla - Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ünvanına ittihamların səsləndirilməsi ilə getdi. Yəni o və həmin dövrün silahlı strukturlarının rəhbərləri nümayişçilərə qarşı qeyri-qanuni güc tətbiq ediblər. Bu artıq cinayət işinin siyasiləşdirilməsi demək idi”.
Daxili qarşıdurma davam edir
O da xüsusi olaraq vurğulanır ki, Paşinyanın Koçaryanı konstitusion rejimi dəyişməkdə ittiham etməsi baş nazirin özünün qeyri-legitim olması anlamına gəlir: "Koçaryanı konstitusion quruluşu devirməkdə ittiham edirlər. İrəli sürülən iddia çox təhlükəlidir. Belə çıxır ki, əgər Koçaryan konstitusion rejimi de-fakto məhv edibsə, o zaman Serj Sarkisyan qeyri-legitimdir. Demək ki, həm də 2015-ci ilin konstitusiya reformları da qeyri-legitimdir. Demək ki, həm də Nikol Paşinyan qeyri-legitimdir, çünki Sarkisyan dövründə qəbul edilən qanunlar əsasında baş nazir olub”.
"Yekramas” saytı Ermənistanda yeni hökumətin sələfləri üçün cinayət hesab etdiyi bütün addımları özünün təkrarladığını bildirib. Yeni hökumətin özündən əvvəlkilərin səhvlərini təkrarlayacağı təqdirdə ölkənin xaosa yuvarlanacağının qaçılmaz olduğu qeyd edilir: "İndi bu şəraitdə seçkilərə gedilməsi özü də təhlükəlidir. Hələ bilinmir ki, Paşinyana qarşı dekabrda indi müxalifətdə olanlar hansı addımlar atacaqlar. Onların Paşinyanın asanlıqla bütün hakimiyyətə yiyələnməsinə icazə verəcəkləri qətiyyən inandırıcı sayılmır”.
Bütün bunlar qarşıda Ermənistanı həqiqətən çətin bir dövr gözlədiyini tam təsdiq edir.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər xəbərlər