“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” adlı sənədli film çəkilib - VİDEO

A- A A+

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şuşa ili”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filmi ərsəyə gətirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan sənədli filmdə Şuşada işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır.

Filmin adı Qarabağımızın Mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir.

Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edir. Filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.

Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı layihəsi bu il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin qalibi olub. “270-ci səhifə“ adlı film bu layihə çərçivəsində hazırlanıb. Filmin tezliklə həm yerli ictimaiyyətə, həm də xarici dillərdə beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: