Qürurla yad edilən Böyük İnsan

A- A A+

Xalqımız tərəfindən hər zaman böyük qürurla yad edilən və bütün zamanların ən böyük azərbaycanlısı hesab olunan, milli dövlətçiliyimizin banisi, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün böyük bir vətəndaşlıq məktəbidir.

Azərbaycan xalqının milli dövlətçilik tarixində mövcud olan görkəmli dövlət xadimləri və şəxsiyyətlər arasında Heydər Əliyevin özünəməxsus yeri və mövqeyi vardır. Bütün dövlətçilik tarixi boyunca heç bir lider Heydər Əliyev şəxsiyyəti bərabərində özünün bütün həyatı və fəaliyyətini xalqının milli inkişaf və müstəqillik yoluna həsr etməyib. Dahi rəhbərin bütün amalı, həyat və fəaliyyət məqsədi Azərbaycan xalqının milli müstəqilliyi, onun xoşbəxtliyi və firavanlığı yolunda çalışmaq olub. Buna görə də heç bir tarixi şəxsiyyət ulu öndər Heydər Əliyevə nəsib olan ümummilli lider zirvəsinə yüksələ bilməyib. Ulu öndər Heydər Əliyev məhz məqsədyönlü fəaliyyəti və mübarizəsi nəticəsində Azərbaycan xalqına sarsılmaz müstəqillik, suveren dövlət bəxş edib, xalqının tarixinə adını qızıl hərflərlə yazdırıb. Ulu öndər Heydər Əliyevin hələ Azərbaycanın müxtəlif dönəmlərdə ayrı-ayrı dövlət orqanlarında işlədiyi vaxtlarda Azərbaycan xalqının tarixi taleyi və ərazi bütövlüyü uğrunda göstərdiyi fəaliyyət böyük vətəndaşlıq örnəyi kimi yeni nəsillərə nümunədir.

1969-cu ildən siyasi hakimiyyətə gələn dahi şəxsiyyətin xidmətləri sırasında Azərbaycan xalqının milli dəyərlərinin özünə qaytarılması, folklorunun, ədəbiyyat və mədəniyyətinin, milli tarixinin araşdırılması və təbliği başlıca yer təşkil edib. Görkəmli dövlət xadiminin məhz uzaqgörən siyasəti və məqsədyönlü tədbirləri sayəsində Azərbaycan xalqının milli dili ilk dəfə Konstitusiyaya xüsusi maddə ilə salınaraq vətəndaşlıq hüququnu alıb. Məhz bu dövrdə dahi rəhbərin qayğısı və xüsusi diqqəti ilə ana dilində olan dərsliklərin və dərs vəsaitlərinin nəşrinə nail olunub. Ana dilli məktəblərin artırılması, ana dilində dərs saatlarının xüsusi səviyyədə yer tutması, milli kadr hazırlığı kimi məsələlər də dahi liderin müdrikanə tədbirləri nəticəsində özünün yüksək həllini tapıb. Həmin vaxtlar ölkədə sovetləşmənin güclü bir missiya təşkil etdiyi zamanda Azərbaycanda milliləşmə aparılması və milli kadr hazırlığını təmin etmə məsələsi də məhz ümummilli liderimiz tərəfindən böyük məharət və ustalıqla həll edilib. Azərbaycanda bu dövrdə milli ordu quruculuğunun təməli qoyulub, onun ilk zəmini hazırlanıb, yüksək ixtisaslı milli hərbi kadrların hazırlanması istiqamətində böyük nailiyyətlər əldə edilib. Kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycanın da əsl iqtisadi dirçəlişi, aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi kimi yüksək inkişaf nailiyyətləri də məhz ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi. Milli oyanış, özünəqayıdış və istiqlal düşüncəsi mühitinin yaranması da Heydər Əliyev şəxsiyyəti və uzaqgörənliyinin nəticəsi idi. Dahi liderin ədəbiyyata, ədəbiyyat adamlarına olan qayğısı yazıçıların, mədəniyyət adamlarının milli mövzulu məsələlərə əhəmiyyətlə yanaşmasına münbit şərait yaratdı. Şair və yazıçılara həm ən yüksək mükafat və adların verilməsi də, onların Sovet totalitar maşınının təzyiq və təqiblərindən xilas olunmasında da ulu öndərimizin böyük rəhbərlik qayğısı xüsusi rol oynadı. Ümumiyyətlə, ötən əsrin 70-ci illərində dahi rəhbərin hərtərəfli, düşünülmüş fəaliyyəti sayəsində bugünkü müstəqilliyə zəmin hazırlandı. Məhz bu mənada da Azərbaycanın ən yeni tarixi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Adı Azərbaycanla qoşa çəkilən, bütün mənalı həyatını Azərbaycana, xalqına  həsr edən, “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır”,- deyən ulu öndər xalqımızın tarixi taleyində həmişə bir xilaskar kimi misilsiz rol oynayıb. 1988-ci ildə başlanan və 1990-cı illərdən etibarən şiddətlənən iqtisadi böhran, düşmən qüvvələrinin ərazi bütövlüyümüzə müdaxiləsi çıxılmaz vəziyyətdə qalan xalqımızın qəlbində yenidən dahi liderimizin adını bir ümid işığı kimi yandırırdı. Tarix müdrik və uzaqgörən lideri həyata keçirilən misilsiz işlər nəticəsində bir daha sınaqdan keçirərək liderlik adını ona bəxş etdi. Ölkəmizə qarşı xəyanət cəhdi olan 20 Yanvar faciəsindən sonra daha da dərin bəla girdablarına düçar edilmiş Azərbaycanın son ümidgahı Heydər Əliyev idi. Dahi rəhbər Moskvada olmasına və həyatı bahasına başa gələcəyi təhlükəsinə baxmayaraq faciədən sonra Azərbaycan nümayəndəliyinə gələrək bütün dünya ictimaiyyətini bu hadisədən xəbərdar etdi və günahkarları cəsarətlə qınadı.

Ən ağır günlərdə xalqının yanında olmaq üçün Azərbaycana qayıdan ulu öndərimizi ovaxtkı rəhbərlik qəbul etməkdən imtina etdi. Dahi lider blokadaya salınıb düşmənlə döyüşən və hər cür bəlalara mətanətlə sinə gərən Naxçıvana üz tutdu. Böyük şəxsiyyətin Naxçıvana gəlişi muxtar respublika əhalisi tərəfindən sevinc və doğmalıqla qarşılandı. Ulu öndər Naxçıvan Muxtar Respublikasında yaşadığı illərdə bu torpağın qorunması, müdafiəsi, problemlərinin həlli və bu kimi həyati əhəmiyyətli məsələlər üçün böyük əzm nümayiş etdirdi. Naxçıvan Muxtar Respublikası bir tərəfdən düşmənə nə qədər mətanətlə qorunduğunu nümayiş etdirdisə, digər tərəfdən burada həyata keçirilən siyasi əhəmiyyətli məsələlərlə milli müstəqillik və dövlətçilik tarixinə şanlı səhifələr yazdı. Naxçıvanın SSRİ-nin tərkibindən imtina etməsi, dövlət atributları, xüsusilə dövlət bayrağı və digər məsələlərlə bağlı burada qəbul olunan qərarlar gələcək Azərbaycanın dövlət müstəqilliyi üçün təməl və təcrübə oldu.

1993-cü ildə daha səbri tükənən, bəla girdabında usanan xalq yekdilliklə “Heydər baba, bizi xilas et!” nidası ilə üzünü Naxçıvana tutdu. 91 nəfər görkəmli ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciət isə bütövlükdə ümumxalq müraciəti idi. Ölkənin parçalanmaq, dövlətçiliyin məhv olmaq, torpaqların itirilmək təhlükəsi qarşısında dahi rəhbərin hakimiyyətə qayıtması xalqın təkidli tələbi idi. Bu baxımdan müdrik liderin 15 iyunda Bakıya – Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Böyük Qayıdış olmaqla Azərbaycan tarixinin qızıl səhifələrindən biri oldu. Məhz bu əvəzolunmaz şəxsiyyətin fəaliyyəti sayəsində Azərbaycan xalqı milli azadlıq və dövlət müstəqilliyinə nail oldu. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqı milli dövlətçiliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə, atəşkəsə nail olub, torpaqlarımız işğal olunmaqdan, yenidən əsarətə alınmaqdan xilas olunub.

Azərbaycan xalqının tarixi taleyi qarşısındakı əvəzsiz xidmətləri ulu öndər Heydər Əliyevin adını milli tariximizə böyük xilaskar olaraq qızıl hərflərlə yazıb. Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanı canı qədər sevən, ürəyi daim öz xalqının səadəti və xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil görmək istəyən, yeri gələrsə, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan bu dahi insanın ömrünün hər anı nəsillərə örnək olacaq canlı salnamə, vətənpərvərlik və zəngin dövlətçilik tarixidir. ...Bu gün dünyanın istənilən ölkəsində Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbycan başa düşülür. Nə üçün? Ona görə ki ulu öndər Heydər Əliyev qədər öz həyatını Azərbaycana həsr edən, Azərbaycançılıq uğrunda, dövlətimizin müstəqilliyi yolunda canından keçməyə hazır olan ikinci bir dövlət xadimi, şəxsiyyət yoxdur”.

Mənalı ömrünü bütün varlığı, canı qədər sevdiyi Azərbaycana həsr edən ulu öndərimizin xidmətləri, müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası bu gün ölkəmizin qüdrət və güc təməlində dayanır. “Heydər Əliyev-Azərbaycan” vəhdəti məhz müstəqillik illərində müdrik liderin həyata keçirdiyi misilsiz işlərin və böyük məhəbbətin nəticəsidir. Dahi lider bu illərdə uzaqgörən siyasəti ilə Azərbaycanın milli inkişaf strategiyasının əsasını qoydu. Saymaqla bitməyən minlərlə tədbir və hadisələrin ideyavericisi ulu öndər Heydər Əliyev olduğu kimi müasir, müstəqil, inkişaf etmiş Azərbaycanın memarı və qurucusu da nəhz ümummilli lider Heydər Əliyevdir. Dahi liderimiz müdrik və uzaqgörən düşüncələri ilə Azərbaycanın milli ideologiyasının banisi və xalqımızın milli həmrəyliyinin təşkilatçısıdır. Bu gün dünyada 50 milyondan çox azərbaycanlının bir vətəni Azərbaycan olduğu kimi, yeganə və əbədiyaşar lideri də məhz Heydər Əliyevdir. Azərbaycanın dünyada tanınması, nüfuzlu və etibarlı tərəfdaş kimi etimad göstərilməsi, böyük siyasi arena və təşkilatlardan səsinin gəlməsi məhz Heydər Əliyev müdrikliyinin uğuru və nəticəsidir.

Bu gün davam və inkişaf etdirilən Heydər Əliyev siyasi kursunun nəticəsində Azərbaycan bütün bölgələrilə yeni inkişaf yolu keçir, yenidənqurma, abadlıq və quruculuq tədbirlərilə xalqa xoşbəxt yaşayış, rifah bəxş edir. Ulu öndər Heydər Əliyev cənab İlham Əliyev haqqında inamla deyirdi: “Mən ona özüm qədər inanıram!” Ulu öndərimizin layiqli varisi olan Prezident İlham Əliyevin məhz dahi Heydər Əliyev siyasi kursunu inkişaf etdirməsi nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutub, etibarlı tərəfdaş olaraq tanınıb və xarici siyasətdə böyük uğurlar əldə edibdir. Azərbaycanın vaxtilə aqrar ölkədən sənaye və o cümlədən müasir dövrdə kosmik gücə malik olan bir ölkəyə çevrilməsi məhz dahi lider Heydər Əliyevin müdrik siyasi konsepsiyası və quruculuq xəttinin məntiqi nəticəsi, ardıcıl və uğurlu davamının yekunudur. Böyük iqtisadi layihələr sahəsində lider olan Azərbaycan Prezident İlham Əliyevin müdrik fəaliyyəti nəticəsində həm də qüdrətli Silahlı Qüvvələrə, Milli Orduya malik olan bir ölkəyə çevrilib. Aprel döyüşlərindəki məharətli döyüş taktikası və Günnüt əməliyyatı zamanı həyata keçirilən mühəndislik qabiliyyəti müasir Azərbaycan Ordusunun qələbə əzmini tam mənası ilə özündə ifadə etdi və xalqımızda işğal altında olan ərazilərimizin tezliklə qaytarılacağı əminliyini yaratdı. Ulu öndərin seçim öncəsi inamı bütövlükdə xalqımızın ümmmilli inamı olaraq reallığını tapdı və konkret əməllərlə qətiləşdi. 2020-ci ilin sentyabr ayından Ermənistan Silahlı Qüvvələrinin havadarlarının dəstəyi ilə ölkəmizin sərhədlərindəki təxribat əməllərinə qarşı əks-hücum əməliyyatı Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə uğurla başa çatdı: 44 günlük müharibə kimi yadda qalan Azərbaycanın Vətən  müharibəsi Azərbaycan Milli Ordusunun qəhrəmanlıq və rəşadət örnəyi olaraq dünya tarixində layiqli yer tutdu. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrundakı əməliyyatları həm qəhrəmanlıq və rəşadət, həm də döyüş taktikası və yeni nəsil silah və texnika öncüllüyü ilə dünyanın hərb tarixində şanlı səhifələr yazdı. Yalın əllə aparılan qəhrəmanlıq nəticəsində Şuşanın azad olunması ilə düşmən təslim olmağa məcbur edildi və noyabrın 10-dakı qətnamə ilə Azərbaycan Böyük Zəfər Gününü qeyd etdi. Azərbaycan Prezidentinin Qələbə münasibətilə ulu öndərin məzarı üstünə gedərək oradan xalqa müraciət etməsi həm xalqa, həm də müstəqil Azərbaycan dövlətinin banisi ulu öndərə hesabat çıxışı idi. Bəli, bu zəfər ulu öndərin siyasi kursuna sədaqət, xalqla lider birliyi nəticəsində əldə edilən bir zəfər idi. Hazırda işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin aparılması da Azərbaycana vəd edilən günəş kimi parlamanın işıltıları, inkişaf və qüdrətin təntənəsidir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da öz təcəssümünü tapan müasirlik və yenidənqurma tədbirləri Heydər Əliyev siyasi kursunun müdriklik, uzaqgörənlik və konstruktivlik mahiyyətini uğurla təcəssüm etdirir. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəriciləri kimi razılıq doğurur. Hər bir Azərbaycan vətəndaşı kimi muxtar respublika sakinləri də onlara yaradılan rahat yaşayış şəraiti, firavan həyat üçün müdrik liderin quruculuq xətti və siyasi kursuna minnətdarlıqla yanaşır, öz sədaqətlərini daim ifadə edirlər. Nadir şəxsiyyət və siyasət adamı olan ulu öndərimizin adı ilə müəyyənləşmiş siyasi məktəbin uğurla davam etdirilməsi Azərbaycan xalqını yeni nailiyyətlərə, misilsiz uğurlara çatdırır.

Bugünkü müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük ərmağanıdır. Təsadüfi deyil ki, dahi liderimiz həmişə xalqımız tərəfindən müasir Azərbaycan Respublikasının qurucusu və memarı kimi xatırlanır. Ölkəmizdə görülən işləri göz önünə gətirərək yaşadığımız bu doğma vətənin məhz Heydər Əliyev siyasətilə nə qədər gözəlləşdiyini, respublikamızın qüdrətləndiyini, ictimai-siyasi sabitliyin və sosial-iqtisadi inkişafın özünə kök saldığını iftixarla söyləməliyik. Heydər Əliyev adı və əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycanın hər qarışında onun əzmi ilə yaranan müstəqillik qüdrəti və Azərbaycan üçün həyata keçirilən misilsiz işlər bu ada əbədiyaşarlıq qazandırır. Ona görə də nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: